Rusiyanın Ermənistan tərəfdən müharibəyə qoşulması Türkiyənin də Azərbaycan tərəfdən bu addımı atması ilə nəticələnəcək”
“Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən aktivləşməsi İrana hücum ehtimalı ilə əlaqədardır”
Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-ekspert Vladimir Yevseyevin APA-nın Moskva müxbirinə müsahibəsi
- Rusiyanın Ermənistanı silahlandırması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiyanın vasitəçiliyini şübhə altına qoymurmu? Son zamanlar Rusiyanın Ermənistanda qoşunlarını hazırlıq vəziyyətinə gətirməsi və Azərbaycana qarşı müharibədə iştirak edəcəyi ilə bağlı informasiyaları necə şərh edərdiniz?
- Bu informasiyaların heç bir əsası yoxdur. Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində vasitəçilik missiyasını saxlayacaq. Çünki bunun alternativi ancaq müharibə ola bilər. İnanmıram ki, Azərbaycan və Ermənistan arasında müharibə yalnız Dağlıq Qarabağ ərazisində getsin. Bu müharibə bütün Azərbaycan-Ermənistan sərhədi boyunca gedəcək. Rusiya isə Ermənistanın ərazi bütövlüyünün təhlükəsizliyinə cavabdehdir. Əgər müharibə Dağlıq Qarabağdan ətrafa sıçrasa, Rusiya mütləq müharibəyə qoşulmalıdır. Lakin bu zaman Türkiyə də Azərbaycan tərəfdən müharibəyə qoşulacaq. Rusiya Türkiyə faktorunu çox gözəl bilir və başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın vasitəçilikdən başqa alternativi yoxdur. Ona görə də, Rusiya konfliktin tənzimlənməsində vasitəçilik missiyasını davam etdirəcək.
- Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi Qarabağda müharibə başlayacağı təqdirdə Rusiyanın tərəf olmasına işarədirmi?
- Təsəvvür etsək ki, Dağlıq Qarabağda müharibə başlayıb. Bu zaman Rusiya müharibədə Ermənistan tərəfdən iştirak edə bilməz. Çünki Rusiyanın Dağlıq Qarabağda mümkün müharibə zamanı Ermənistanı müdafiə edəcəyi ilə bağlı öhdəliyi yoxdur. Rusiya və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq həm iki ölkə arasında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində həyata keçirilir. Bu yüksək səviyyəli hərbi əməkdaşlıq Rusiyanın Dağlıq Qarabağda müharibə olacağı zaman Ermənistanın tərəfini tutacağı demək deyil. Bir daha Türkiyə faktorunu qeyd etmək istəyirəm. Rusiyanın müharibəyə qoşulması Azərbaycan tərəfdən Türkiyənin müharibə qoşulması ilə nəticələnəcək.
- Rusiyanın Ermənistanda hərbi gücünü artırmasını onun Cənubi Qafqaz planının tərkib hissəsi saymaq olarmı?
- Cənubi Qafqazda stabilliyin hökm sürməsi Rusiyanın marağındadır. Çünki bu regionda müharibənin başlaması Rusiyanın yaralı yeri olan Şimali Qafqazda stabilliyin pozulmasına gətirib çıxaracaq. Rusiya çox gözəl bilir ki, Cənubi Qafqazda yeni müharibənin alovlanması Şimali Qafqaz üçün böyük bir qığılcım olar. Bu da Rusiyaya qətiyyən sərfəli deyil. O ki qaldı Rusiyanın Ermənistanda hərbi gücünü artırmasına, bunu Cənubi Qafqazla bağlı palanın tərkib hissəsi saymaq olmaz. Rusiyanın bu regionda hərbi gücünü artırması İsrailin İrana mümkün raket hücumu və sonradan ABŞ-ın bu müharibəyə qoşulması ehtimalı ilə əlaqədardır. Çünki İranla müharibə birbaşa da olmasa, Cənubi Qafqaz regiona təsir edəcək. Ona görə də Rusiya Qərb dövlətləri və İsrailin İrana qarşı müharibəsinin Cənubi Qafqazın, dolayısı ilə Ermənistanın təhlükəsizliyinə hər hansı təhlükə yaratmaması üçün regionda hərbi gücünü hazırlıq vəziyyətinə gətirir. Yəni, Rusiya İranla müharibənin Cənubi Qafqazda stabilliyi pozacağından ehtiyatlanır. Ona görə də, mümkün ehtiyat tədbirlərini görür.
- Ermənistan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda aeroportun fəaliyyət göstərəcəyini bəyan edib. Azərbaycan Nazirlər Kabineti isə icazəsiz uçuşlarla bağlı tədbirlər haqqında qərar qəbul edib. Bunu necə şərh edərsiniz?
- Hesab edirəm ki, müharibə baş vermədiyi təqdirdə mülki təyyarələrin vurulmasına heç kəsin ixtiyarı yoxudur. Ancaq müharibə zamanı mülki təyyarələr vurula bilər, çünki qarşı tərəfin mülki təyyarədən hərbi məqsədlər üçün istifadəsi mümkündür. O ki qaldı Dağlıq Qarabağ ərazisindən uçuşların həyata keçirilməsinə, burda vəziyyət başqa cürdür. Hesab etsək ki, təyyarələrin Dağlıq Qarabağ ərazisi üzərindən uçarkən Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların üzərindən də uçması realdır, onda necə olacaq?! Axı belə olan halda Azərbaycanın hava sərhədləri pozulacaq. Ona görə də, uçuşların həyata keçirilməsi üçün mütləq Azərbaycan tərəfinin icazəsi lazımdır.
- Dağlıq Qarabağda müharibənin başlanması ehtimalı nə qədərdir?
- Dağlıq Qarabağda yeni müharibənin başlanması ehtimalı son dərəcə yüksəkdir. Bu il ərzində konflikti kritik vəziyyətə gətirəcək hadisələrin olması mümkündür. 2013-cü il ərzində konfliktin düyünü açılmasa, müharibə qaçılmaz olacaq.