RİA “Novosti” agentliyi Azərbaycanın Rusiyaya nota verməsinə səbəb olan yazını saytan çıxarıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vadim Dubnovun Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qarabağ 25 ildə tanınmamağa alışıb” (“Karabax za 25 let nauçilsə bıtğ nepriznannım”) adlı analitik yazı www.rian.ru saytından çıxarılıb.
Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib. Görüşdə nazir müavini Mahmud Məmməd-Quliyev Xocalı Soyqırımının ildönümü ərəfəsində, 25 fevral tarixində Rusiyanın "Ria-Novosti" dövlət informasiya agentliyinin internet səhifəsində "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" başlıqlı məqalənin dərc edilməsinin Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını söyləyib.
Nazir müavini Mahmud Məmmədquliyev Rusiya səfirinə etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.