APA-nın xəbərinə görə, Macarıstanın prezidenti Yanoş Aderin təbrik məktubunda Macarıstanın Azərbaycanla əlaqələrinin dinamik inkişafında və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğu vurğulanıb.
Çex Respublikasının prezidenti Miloş Zeman isə məktubunda Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan yaxşı münasibətləri çox yüksək dəyərləndirdiyini bildirib.
Yunanıstan prezidenti Karolos Papulyasın təbrikində “Əminəm ki, Sizin Yunanıstana rəsmi səfəriniz ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf etdirəcək”, deyə vurğulanıb.
Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflika da dövlət başçısı İlham Əliyevi təbrik edib: “Xoş arzularla bərabər, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün Sizinlə birlikdə işləməyə həmişə hazır olduğumu ifadə etmək istəyirəm”.
Qabon Respublikasının prezidenti Ali Bonqo Ondimba, Misir Ərəb Respublikasının müvəqqəti prezidenti Adli Mənsur, Bruneyin Sultanı Hacı Həssənal Bolkiah, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, “Russneft” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Mixail Qutseriyev, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu İdarə Heyətinin sədri Əli Sarıqaya da Azərbaycan prezidentinə 28 May Respublika Günü ilə bağlı təbrik məktubu ünvanlayıblar.