“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP İmişli rayon təşkilatının üzvü ilə bağlı şikayətindən imtina edib.
Bunu APA-ya açıqlamasında Rauf Arifoğlu söyləyib.
Qeyd edək ki, dekabrın 4-də Rauf Arifoğlu AXCP-nin İmişli rayon şöbəsinin üzvü Vüqar Qədirovdan Daxili İşlər Nazirliyinə şikayət edib. Səbəb Vüqar Qədirovun “Facebook” sosial şəbəkəsində Rauf Arifoğlunun ünvanına təhqirli status yazması, baş redaktorun xahişlərinə baxmayaraq, statusu dəyişməməsi olub. Şikayətlə əlaqədar Vüqar Qədimov İmişli Rayon Polis Şöbəsinə çağırılıb, şikayət nəzərinə çatdırılıb, ondan heç yerə getməmək barədə iltizam alınıb.
R. Arifoğlu deyib ki, Vüqar Qədirovun hərəkəti ictimai yerdə edilən xuliqanlığa bənzər virtual xuliqanlıqdır, belə hallarda problemin ən effektli və sürətli həll yolu yaşayış yeri, ərazi üzrə polisə müraciət etməkdir.
Baş redaktor qeyd edib ki, polisə müraciətin sonrakı dövrdə AXCP də öz üzvü Vüqar Qədirovun hərəkətlərini pisləyib və qarşı tərəf addım atdığından baş redaktor şikayətindən imtina edib. R. Arifoğlu məqsədinin həmin şəxsi həbs etdirmək yox, məhz tərbiyələndirmək olduğu üçün şikayətindən imtina etdiyini açıqlayıb. Vüqar Qədirov da təhqir ehtiva edən sözləri sosial şəbəkədəki ünvanından silib.