Azərbaycan Milli Məclisinin NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev APA-ya bildirib ki, iclasda Ukraynadakı son vəziyyət də müzakirə olunub.
Q. Həsənquliyev bildirib ki, bu müzakirə çərçivəsindəki çıxışında o, Krımla bağlı məsələdən sonra NATO ilə əməkdaşlıq edən ölkələrin hamısının Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını, BMT-dəki müzakirələrdə bununla bağlı birmənalı mövqe nümayiş etdirdiklərini xatırladıb: “NATO Ukrayna ilə bağlı məsələlərə görə Rusiya ilə əməkdaşlığı dayandırdı, bu toplantıya da Rusiya nümayəndə heyəti dəvət olunmayıb. Amma Rusiya ilə eyni mövqeyi nümayiş etdirən Ermənistan nümayəndə heyəti bu tədbirdə iştirak edir. Halbuki Ukrayna ilə bağlı mövqeyindən də öncə Ermənistan özü işğalçı dövlətdir. Bu ölkə 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal atında saxlayır, bunun nəticəsində bir milyon azərbaycanlı qaçqın şəraitində yaşayır. Ermənistan nə BMT-nin qətnamələrinə, nə də ki beynəlxalq hüquqa məhəl qoyur. Mütəmadi olaraq sülh danışıqlarını pozur, regionda sülhü və sabitliyi təhdid edir”.
Millət vəkili bildirib ki, belə olan halda Ermənistanın NATO ilə əməkdaşlığa davam etməsi ikili standartla yanaşmadır: “Beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə məhəl qoymayan bir dövlət bizim sıralarımızda necə ola bilər? Ermənistan NATO-nun əməkdaşlıq etdiyi bir ölkənin ərazisini işğal edib, digərinin isə ərazi bütövlüyünün əleyhinə səs verib. Mən təklif edirəm ki, NATO PA-da Ermənistana qarşı sanksiya tətbiq olunsun və bu ölkə NATO PA-nın tədbirlərində iştirakdan uzaqlaşdırılsın”.