Bu gün Milli Məclisdə cari məsələlər üçün ayrılan vaxtda çıxış edən millət vəkili Musa Qasımlı mətbuatda milli, etnik azlıq ifadələrinin son zamanlar geniş işlədilməsinə toxunub.
Lent.az-ın verdiyi məlumata görə, millət vəkilini bunun ziyanlı olduğunu vurğulayıb.
Musa Qasımlı qeyd edib ki, bu, şüuraltı müəyyən hisslər yaradır və gələcəkdə Azərbaycanın ayağı altına qoyulan minadır: “Xalqımızın və dövlətimizin birliyinə qarşı olan bu hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır”.
Spiker Oqtay Əsədov da millət vəkili ilə razılaşıb: “Bu məlumatları yayanlar xarici dövlətlər tərəfindən təlimatlandırılırlar və ehtiyatlı olmaq lazımdır”.
Millət vəkili Qüdrət Həsənquliyev isə Fransa Milli Assambleyasında diaspor üzvlərimizin döyülməsi məsələsinə toxunub: “Milli Məclis də bu məsələyə reaksyia verməlidir. Ermənilərin iç üzü açılmalı, dünya onları tanımalıdır”.
Qüdrət Həsənquliyev sabiq prezident Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: Ayaz Mütəllibovun prezident postundan istefa verəndən sonra cinayət törətmişdi. İndi o qayıdıb, yenə də təxribat xarakterli bəyanatlar verir. Qanun prezident olan dövrdə törədilən cinayət məsuliyyətindən azad edir, prezident fəaliyyətindən sonra törədilən cinayətləri əhatə etmir. Prokurorluq bu məsələləri yenidən araşdırmalıdır”.
Spiker Oqtay Əsədov deyib ki, Fransada törədilən məsələyə həmin ölkənin parlamenti münasibət bildirib. Onun sözlərinə görə, Fransa hüquq-mühafizə orqanları da bunu araşdırır.
Qüdrət Həsənquliyev: “ Ayaz Mütəllibov cinayət məsuliyyətinə cəlb edilməlidir”
0
0
0
0