Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin rəsmi internet səhifəsi (www.azembassy.kg) fəaliyyətə başlayıb.
Səfirlikdən Lent .az-a verilən məlumata görə, rəsmi veb səhifəsi səfir Hidayət Orucovun ön sözü ilə açılır.
Hidayət Orucov ön sözdə veb səhifəyə daxil olan istifadəçiləri salamlayır və Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri və əlaqələrin inkişafı dinamikası haqda məlumat verir, geniş ictimaiyyəti isə dövlət mövqeyini və qərəzsiz məlumatlarla tanış olmağa dəvət edir. Saytda səfirliyin fəaliyyətinə dair məlumatlar, Azərbaycan - Qırğız ikitərəfli əlaqələri, Azərbaycan tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı barədə bilgilər, Azərbaycana səfər etmək və ya ölkəmiz barədə məlumat əldə etmək istəyən xarici ölkə vətəndaşları, habelə soydaşlarımız üçün məlumatlar öz əksini tapıb. Səhifədə erməni təcavüzünü əks etdirən xüsusi bölmə də yerləşdirilib. Veb səhifədə Azərbaycanın dövlət qurumları, Azərbaycan iqtisadiyyatının hansı sahələrinə investisiya yatırılması ilə bağlı məlumatlar əldə etmək mümkündür.