QHT Əməkdaşlıq Alyansı Xocalı ilə bağlı İnnovativ Kampaniyaya başladı
25 fevral 2013 19:30 (UTC +04:00)

QHT Əməkdaşlıq Alyansı Xocalı ilə bağlı İnnovativ Kampaniyaya başladı

 

QHT Əməkdaşlıq Alyansı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı yerli və beynəlxalq kampaniya çərçivəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə fevralın 25-də  “Park-Bulvar” ticarət mərkəzində təqdimat və açılış mərasimi keçirib. Mərasimi giriş sözü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov qeyd edib ki, “kampaniya çərçivəsində hazırlanan materiallar və video-çarxlar öz innovativliyi ilə fərqlənir və indiyə qədər görülmüş fəaliyyətləri təkrarlamır: “Hələ keçən ildən Alyansın Xocalı soyqırımı ilə bağlı Facebook üzərindən gerçəkləşdirilən kampaniyası bu il də davam etməkdədir. Yeni kampaniya isə görülən işlərin davamı və mahiyyət etibarilə daha effektiv, konkret nəticələrə hesablanan və mövcud imkanlardan düzgün istifadəni ehtiva edir. Hal-hazırda burada kampaniya çərçivəsində azərbaycan və ingilis dillərində hazırlanan video-çarxlar monitorlarda göstərilməkdədir. Bu video-çarxlar yerli səviyyədə daha çox vətəndaşın Xocalı soyqırımının tanıdılmasında rolunu stimullaşdıracaq və o cümlədən beynəlxalq aləmdə tanıdılmasına yardım edəcək. Həmçinin, burada canlı olaraq ADTGT və AGAT üzvləri olan gənc rəssamlar Xocalı soyqırımını əks etdirən rəsmlər çəkməkdədirlər”.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu kampaniyaya dəstək olduqlarını bildirib. O, deyib ki, bütün vətəndaş cəmiyyəti üzvləri bu kimi milli məsələlərdə həmrəylik nümayiş etdirməli və bu faciənin beynəlxalq aləmdə tanıdılmasına töhvə verməlidir.

 

Daha sonra çıxış edənlər Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, Alyansın İH-nin üzvü Razi Nurullayev , QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli kampaniya haqqında fikirlərini söyləyiblər. Bildiriblər ki, kampaniyanın tərkib elementləri çox zəngindir və bu kampaniya digər dövlətlər tərəfindən Xocalı soyqırımının tanınmasına da ciddi stimul verəcək, ölkədə olan xarici vətəndaşlara və beynəlxalq təşkilatlara məlumatlar çatdıracaq, sosial şəbəkələr üzərindən dünyanın bütün nöqtələrinə nüfuz edə biləcək.

 

Mərasimdə QHT Əməkdaşlıq Alyansının üzvü olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) üzvləri kampaniya çərçivəsində Xocalı həqiqətlərini əks etdirən canlı çəkdikləri rəsm əsərlərini nümayiş etdiriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar