Qazaxıstan donanmasının yenilənməsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir
24 may 2014 19:01 (UTC +04:00)

Qazaxıstan donanmasının yenilənməsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir

Astanada keçirilən KADEX-2014 beynəlxalq müdafiə sərgisi bu gün işini davam etdirib.

APA-nın Qazaxıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sərgi çərçivəsində bu gün müxtəlif yeni hərbi texnologiyaların təqdimatı keçirilib.

 

Sərgidə əsas prioritetlərdən biri hərbi dəniz sənayesinə yönəlib. Ötən gün Qazaxıstanın “Kazakhstan Engineerinng” Milli Şirkəti ilə Türkiyənin STM şirkəti arasında Xəzər dənizi sahilində hərbi gəmilər inşa edəcək tərsanənin inşası, mühəndislik işlərinin həyata keçirilməsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

 

Sərgidə iştirak edən Çinin «Poli Technologies» şirkəti isə Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) ilə yeni raket-artilleriya gəmisinin təqdimatını keçirib. Qeyd edək ki, artıq Qazaxıstanla Çin arasında raket artilleriya gəmilərinin Qazaxıstanda inşası sahəsində ilkin razılıq əldə olunub.

 

Qazaxıstan HDQ rəsmisi APA-ya bildirib ki, Astana Xəzər dənizində hərbi donanmanın yenilənməsi sahəsində bölgə ölkələrindən Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərir. Bu işdə xüsusilə Azərbaycanın təcrübəsindən geniş istifadə olunur: «Qazaxıstan HDQ və Sahil Mühafizəsində komandirlərin, zabit heyətinin böyük hissəsi Bakıda təhsil alıb. Azərbaycanda hər il 10-dan artıq məzunumuz olur. Biz Azərbaycana əlavə kursant göndərmək istəyirik. Hazırda bu məsələ Azərbaycan Müdafiə Nazirliyi ilə müzakirə olunur».

 

HDQ nümayəndəsi bu ildən Qazaxıstanın Azərbaycanın Uzaq Məsafədən Nəzarət və İzləmə Sisteminin imkanlarından istifadə etdiyini də bildirib.

 

Onun sözlərinə görə, Qazaxıstan HDQ dəniz xüsusi təyinatlı taborunun hazırlanmasında Azərbaycanla Türkiyənin təcrübəsindən və imkanlarından yararlanmaq niyyətindədir: «Azərbaycan və Türkiyənin SAT/SAS xüsusi təyinatlıları özünün peşəkarlığına görə yerləşdiyimiz coğrafi məkanda nümunə olacaq birliklərdir. Biz bu sahədə də qarddaş ölkələrin təcrübəsini öyrənirik».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar