Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ Təbliğat Turu” çərçivəsində Türkiyənin İzmit şəhərində Türkiyə Azərbaycan dərnəkləri Federasiyasının təşkilatçılığı ilə 28 may – Respublika Gününə həsr olunmuş tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dindar, İzmit şəhər bələdiyyəsinin başqanı Nevzat Doğan, Kocaeli valisinin müavini Şükür Çakır, SOCAR-ın Kocaeli bölgəsi üzrə nümayəndəsi Sənan Yavuz, QAT sədri Akif Nağı və digərləri çıxış ediblər.
A. Nağı çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib, 28 May - Respublika günü ilə bağlı təbriklərini çatdırıb, onlara Qarabağ həqiqətlərinə dair kitablar və Qarabağa aid xatirə hədiyyəsi təqdim edib.
Tədbirdə çıxış edən B. Dindar hər zaman Azərbaycanın yanında olduqlarını, Azərbaycan həqiqətlərinin təbliği üçün əllərindən gələni etdiklərini bildirib. A. Nağı xüsusi vurğulayıb ki, Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsi türk dünyasının bir sıra problemlərinin həllinə zəmanətdir. Tədbirdə minə yaxın yerli ictimaiyyət nümayəndələri, siyasi və ictimai təşkilat rəhbərləri, tələbələr iştirak ediblər.