Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi olub. Lent. az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının prezidentinə raport verib.
Belarus Respublikası və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiribər.
Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər arasında təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Belarus prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.