Prezident İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın məlumatına görə, Azərbaycanla Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini deyib. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən prezident əməkdaşlığın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını deyib. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən prezident ona gələcək işlərində də uğurlar arzulayıb.
Səfir ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib.