“Azərbaycan etibarlı tərəfdaş, bütün məsələlərlə bağlı öz mövqeyinə malik və tam müstəqil siyasət yürüdən ölkədir. Biz Ermənistan istisna olmaqla region və dünya ölkələri ilə münasibətlərimizi səmərəli əməkdaşlıq, qarşılıqlı etimad, hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq”. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın nüfuzlu “The Buisness Year” jurnalına müsahibəsində prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan məhz bu prinsipləri rəhbər tutaraq 2012-ci ildə Beynəlxalq Qoşulmama Hərəkatına üzv olmuş, ölkəmizin xarici siyasətinin yeni vektorları müəyyənləşdirilib. “Biz hazırda digər dünya ölkələri ilə olduğu kimi, Afrika və Latın Amerikası ölkələri ilə də əməkdaşlığımızı möhkəmləndiririk, yeni əlaqələr qururuq.
Region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindən biri olaraq qalır. Türkiyə Azərbaycana dost və qardaş ölkə, strateji müttəfiqimizdir. Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələr, qarşılıqlı investisiyalar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Biz hazırda Türkiyədə 17 milyard dollarlıq neft-kimya və neft emalı kompleksi layihəsini həyata keçiririk. Azərbaycanın reallaşdırdığı nəhəng enerji layihələri Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini artırır, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun rolunu yüksəldir”.
Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə də aydınlıq gətirib: “Rusiya ilə əlaqələrimiz də əvvəlki illərdə olduğu kimi dinamik inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq mahiyyəti kəsb edir. Siyasi dialoq, humanitar əməkdaşlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi və digər məsələlər tərəfdaşlığımızın vacib elementləridir. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Öz növbəsində, Rusiya da ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Hazırda biz bu ölkədə daşınmaz əmlaka və iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoymağa başlamışıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələr həyata keçirir. Azərbaycan regionun digər ölkələri ilə də mehriban qonşuluq, səmimi dostluq əlaqələrini inkişaf etdirir. Biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərində Azərbaycan xalqının və dövlətinin maraqlarını əsas tuturuq”,- deyə prezident bildirib.