APA-nın məlumatına görə, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmini qeyd edən prezident İlham Əliyev Azərbaycanda “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda keçirilən konfransı bu əlaqələrin mühüm göstəricilərindən biri kimi qiymətləndirib. Dövlət başçısı ölkələrimizdə fövqəladə hallarla məşğul olan müvafiq qurumların bir-birinə qarşılıqlı dəstək vermələrinin vacibliyini vurğulayıb.
Fövqəladə Hallar nazirliklərinin təhlükələrin, fəlakətlərin qarşısını alınması və onların nəticələrinin aradan qaldırılması baxımından çox mühüm vəzifəni yerinə yetirdiyini qeyd edən prezident İlham Əliyev əhalini mümkün risklərin qarşısının alınmasına hazırlamağın hər bir cəmiyyət üçün mühüm amil olduğunu deyib.
Ölkəmizdə son bir neçə ildə baş vermiş təbii fəlakətlərə, daşqınlara və zəlzələlərə toxunan dövlət başçısı qeyd edib ki, daşqınlar zamanı 10 minlərlə insan evsiz-eşiksiz qalıb, 100 min hektardan çox ərazi sel suları altında qalıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar fəaliyyəti sayəsində həmin hadisələr zamanı sakinlər fəlakət zonasından köçürülüb, operativ şəkildə müvəqqəti yaşayış məntəqələri salınıb və orada səhiyyə, iaşə və digər xidmətlər təşkil olunub. Ən başlıcası isə insan tələfatına yol verilməyib.
Azərbaycanın şimal bölgələrində baş vermiş zəlzələ zamanı 3 mindən çox evin, çoxlu sayda məktəbi və digər obyektlərin dağıldığını deyən dövlət başçısı fəlakətdən dərhal sonra zəlzələ zonasında genişmiqyaslı tikinti işlərinə başlandığını və dağılmış bütün evlərin, sosial obyektlərin dövlət vəsaiti hesabına tikildiyini, bu prosesin davam etdirildiyini vurğulayıb.
Təbii fəlakətlər zamanı ölkələrin müvafiq qurumlarının əlaqəli şəkildə işləmələrinin vacibliyini vurğulayan prezident İlham Əliyev bu cür hadisələr zamanı Fövqəladə Hallar nazirliklərinin birgə fəaliyyət göstərmələrinin önəmini xüsusi qeyd edib.
Ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılarkən qarşıya qoyulan məqsədin həm Azərbaycanda baş verən fəlakətlərin aradan qaldırılması, həm də qonşu və dost ölkələrə yardım göstərilməsindən ibarət olduğunu vurğulayan dövlət başçısı son illər bir sıra ölkələrdə baş vermiş fövqəladə hadisələr zamanı xilasetmə, bərpa və yardım işlərində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev bu konfransın Azərbaycanda keçirilməsinin tədbir iştirakçılarının ölkəmizlə daha yaxından tanış olması baxımından əhəmiyyətini də qeyd edib.
Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə səfər etmələrindən məmnunluğunu ifadə edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Navaf əl-Sleybi yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduqlarını deyib. Prezident İlham Əliyevin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin ən yaxşı modellərindən birinin Azərbaycanda yaradıldığını vurğulayan Navaf əl-Sleybi bu təcrübədən istifadə etməyin önəmini diqqətə çatdırıb. Azərbaycanın Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini deyən qonaq Qəbələdə yüksək səviyyədə təşkil olunmuş konfransı əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını deyib.
Sonda Navaf əl-Sleybi dövlət başçısına Beynəlxalq Mülki Müdafiə Təşkilatının xatirə hədiyyəsini təqdim edib.