Prezident İlham Əliyev Almaniya kansleri Angela Merkelə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli səmərəli əməkdaşlığımız xüsusi məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı faydalı iş birliyimizi, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, dost Almaniya xalqının rifahı naminə məsul işinizdə yeni-yeni uğurlar diləyirəm”.