Prezident: “Qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcək”
28 may 2014 10:25 (UTC +04:00)

Prezident: “Qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcək”

“Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayacaq”

 

 

“Müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. “Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmayıb. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə deyiblər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulub və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyil. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulub. İkinci erməni dövləti olmayacaq. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcək. Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar var. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır”.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıdır. “Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən, ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcək. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaq. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaq.
Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcək, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır”.

 


Prezident ordumuzun daha da gücləndiriləcəyini bildirib: “Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır və alınacaq. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində əlavə işlər görülür və görüləcək.
Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıb. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Bir sözlə, biz bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar