Prezident: “Bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub”
02 may 2014 10:27 (UTC +04:00)

Prezident: “Bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub”

“Bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub. Bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır. Azərbaycan nəinki bölgədə, dünya miqyasında mərkəzə çevrilib”.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışındakı çıxışında bildirib.

 

Prezident vurğulayıb ki, ölkədə hər həftə beynəlxalq tədbirlər keçirilir: “Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Bilirəm ki, hər bir qonaq böyük təəssüratlarla öz vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur”.

 

Prezident İlham Əliyev bildirib ki, bütün bunları Azərbaycan xalqı yaradıb: “Biz ulu öndərin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu nailiyyətləri ildən-ilə möhkəmləndiririk. Əlbəttə ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırıb. Bu olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq”.

 

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir: “Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür. Bir sözlə, Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyil ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar