Parlamentdə Xocalı soyqırımının rəsmi protokola salınması təklif edildi
22 fevral 2013 13:17 (UTC +04:00)

Parlamentdə Xocalı soyqırımının rəsmi protokola salınması təklif edildi

“Türkiyənin Cənubi Qafqaza daxil olması Azərbaycanın əleyhinə deyil, xeyrinədir”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili İqbal Ağazadə söyləyib.



İqbal Ağazadə Türkiyə ilə bağlı mövqeyinə görə spiker Oqtay Əsədova təşəkkürünü bildirib: “Məsələlərə emosiya ilə deyil, siyasi proseslər və regionda baş verən hadisələr kontekstindən yanaşmaq lazımdır. Bu halda hadisələrə düzgün yanaşmaq olur. Biz istəyirik ki, regionda yalnız Rusiya qalsın?! Cənubi Qafqazda qapalı bir region yaradaq və burada bütün dövlətlərin geri çəkilməsini istəyək ki, yalnız Rusiya qalsın? Rusiya və burada hegemon qüvvə kimi münaqişələri idarə etsin, istədiyi vaxtda Cənubi Qafqazda yeni münaqişələr yaratsın? Türkiyənin bütün gücü ilə Cənubi Qafqaz regionuna daxil olmasına dəstək vermək lazımdır. Türkiyə Cənubi Qafqaza daxil olmaq istəyən zaman Azərbaycanda bir qrup vətənşivən düşür ortalığa, sanki Rusiyanın sifarişini yerinə yetirirlər. Ay qoymayın, Türkiyə regiona girir! Türkiyə regiona niyə girməsin?”



İqğal Ağazadə mətbuatın üzləşdiyi problemlərə də toxunub: “Hər seçki ilində Azərbaycanda mətbuata hücumlar başlayır. Xüsusən də müxalif mətbuat orqanları üzərinə məmurlar, yaxud hakimiyyətə yaxın iş adamlarının hücumları başlayır. Qəzetləri məhkəməyə verirlər. Hazırda “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin üzərinə kifayət qədər hücumlar var, məhkəmələr həyata keçirilir, bu qəzetlər kifayət qədər cərimələnib. Hakimiyyət orqanlarına müraciət edirəm ki, bu qəzetlərə hücumu dayandırsın. Məhkəmə ilə qəzetləri susdurmaq tendensiyasına son qoyulsun”.



YAP icraçı katibinin müavini Siyavuş Novruzov bildirib ki, Türkiyə Qarabağ münaqişəsi həllini tapmayana qədər Ermənistanla sərhədləri açmayacağını bəyan edib: “Ermənistanda keçirilən seçkilərə gəlincə, ATƏT seçkidən əvvəl, seçkidən sonra və başqa vaxtlar mövqeyini bildirir. Bu ölkədə dünyada ən sönük seçki keçirildi. ABŞ Dövlət Departamenti seçkilərin mürəkkəbi qurumamış bəyanat verdi ki, Ermənistanda seçkilər demokratik keçdi. Rusiyanı başa düşmək olar. Özlərini demokratik adlandıranlar niyə Ermənistandakı seçkiləri demokratik adlandırır? Biz gələcəkdə Azərbaycanda seçkilər keçiriləndə bunu nəzərə almalıyıq”.

Spiker Oqtay Əsədov bildirib ki, həmin ölkələrin davranışı məlumdur: “Ermənistanda heç bir iqtisadi maraqları yoxdur. Sadəcə, baxırlar ki, Ermənistan kim tərəfə əyiləcək. Azərbaycanla bağlı məsələ isə fərqlidir. Azərbaycan öz yolu ilə gedir”.

Millət vəkili Elman Məmmədov isə Türkiyə və Abdulla Gülün eyniləşdirilməsini düzgün saymayıb: “Türkiyə ilə İranı eyniləşdirmək də düzgün deyil”.
O, Xocalı soyqırımının dünyada tanınmaqda olduğunu qeyd edib: “ABŞ-ın 6 ştatında  Xocalı soyqırımı qəbul edilib. Azərbaycana xaricdən çoxlu nümayəndə heyəti gəlir. Təklif edərdim ki, Xocalı soyqırımı abidəsinin ziyarəti də protokollara salınsın. Bu abidə artıq ziyarətgaha çevrilməlidir”.

Spiker Oqtay Əsədov isə dünya ölkələrində Xocalı soyqırımının tanınması prosesinin davam etdiyini söyləyb: “Bu proseslər başa çatandan sonra Xocalı abidəsinin protokollara salınmasına da baxılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar