“Ümid edirəm ki, bu il Azərbaycanla Pakistan arasında birbaşa reysləri bərpa etmək mümkün olacaq”
“Pakistan və Azərbaycan arasında daim yaxşı əlaqələr mövcud olub və ənənəvi dostluq hər iki xalqın ürəyində kök salıb”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda öz diplomatik missiyanı başa çatdıran Pakistan səfiri İnayatullah Kakar deyib.
O bildirib ki, Azərbaycanda diplomat olaraq çalışdığı iki il uzun müddət deyil, amma bu dövr ərzində ölkəsinə qarşı həm Azərbaycan hökumətindən deyil, həm də xalqdan isti münasibət görüb: “Fəaliyyətim dövründə qarşılıqlı olaraq bir çox yüksək səviyyəli səfərlər, görüşlər baş tutdu. Pakistan prezidentinin, parlament sədrinin, Pakistan qoşunlarının qərargah rəisinin Azərbaycana səfərləri olub, Azərbaycan tərəfindən isə Milli Məclisin sədri və daxili işlər nazirinin səfəri həyata keçirilib. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında əlaqələr daha da genişlənir və bu çox yaxşı haldır. Ümid edirik ki gələcəkdə əlaqələrimiz daha da genişlənəcək”.
Pakistan səfiri həmçinin əlavə edib ki, Azərbaycanla əməkdaşlığın daha da inkişafı üçün iqtisadi əlaqələrin güclənməsi, birbaşa reyslərin bərpa olunması, eyni zamanda hərbi sahədə münasibətlərin inkişafı vacibdir: “Hal-hazırda bizim hərbi sahədə çox yüksək münasibətlərimiz var. Azərbaycan zabitləri Pakistanda təlimlər keçirlər. Pakistan hərbi məhsullar, sursatlar istehsal edən ölkədir və gələcəkdə əgər Azərbaycan hökuməti tərəfindən istək olarsa, biz Azərbaycanı bu məhsullarla təmin edə bilərik. Ümid edirəm ki, bu il birbaşa reysləri də bərpa etmək mümkün olacaq. Bu həm də bir kommersiya məsələsidir. Ona görə də müzakirələr gedir və yaxın gələcəkdə reyslərin bərpa olunacağını gözləyirik”.