Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu gün Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov bu cür səfərlərin qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılması baxımından önəmli olduğunu bildirib.
O qeyd edib ki, bu gün hər iki ölkə arasında 46 sənəd imzalanıb, 12 sənəd isə baxılmaq üzrədir.
Spiker yüksək səviyyəli siyasi münasibətlərin iqtisadi, humanitar sahələrdə də özünü büruzə verdiyini vurğulayıb. O, ölkələr arasında ticarət dövriyyəsinin 2011-ci ildə 650 milyon ABŞ dolları həcmində olduğunu bildirib.
O. Əsədov “Hyunday”, “Samsung”, LG kimi Koreya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
Dağlıq Qarabağ münaqişəsindən də danışan Milli Məclisin sədri problemin bölgənin tərəqqisinə böyük maneçilik törətdiyini söylədi. O, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq birliyin və dünya dövlətlərinin bu məsələdə obyektiv və prinsipial mövqe tutmasının vacibliyini diqqətə çatdırıb, ümidvar olduğunu bildirib ki, Koreya münaqişənin həllində haqqın-ədalətin tərəfində olacaq.
Öz növbəsində, Park Byonq-Soq qeyd edib ki, Koreya yardım alan ölkədən yardım edən ölkəyə çevrilib. Qonaq bildirib ki, ölkəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) xətti ilə Azərbaycanın müxtəlif dövlət qurumları ilə faydalı əməkdaşlıq edir.
Koreya yüksək texnologiyalar, maşınqayırma, neft, kimya sahələrində Azərbaycanla əlaqələrini genişləndirmək niyyətindədir.