Azərbaycan Milli Məclisinin iclasında gündəliyin müzakirəsi bitdikdən sonra sədr Oqtay Əsədov tərəfindən açıq debat elan olunub.
APA-nın məlumatına görə, O. Əsədov bildirib ki, debatda kim gündəlikdən kənar nə demək istəyirsə, deyə bilər və ilk sözü elə o özü demək istəyir.
Parlamentin rəhbəri onu ən çox mətbuatın belə debat keçirməyə vadar etdiyini söyləyib. O. Əsədov xüsusilə bu gün iclasın gedişi zamanı onlayn mətbuatda gördüklərindən təəccübləndiyini deyib: “Hələ bizim çıxışlarımız qurtarmamış mətbuatda yazırlar ki, “parlamentin sədri deputatlara müsahibə verməyə qadağa qoydu, filan televiziyaya çıxma dedi” və sair. Çox təəssüf ki, parlamentdə bu qədər məsələlər həll olunur, bu qədər müsbət məsələlər həllini tapır, bunların heç birini demirlər, kimsə hansısa neqativ bir şey tapıb ondan yazır. Çox təəssüf ki, bizim özümüz də bunların yazılmasına rəvac veririk. Məsələn, Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslara deputatlar yarım saat gecikir və s. Elə bir az bundan əvvəl səsvermə zamanı gördük ki, yetərli səs yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli Məclis olan gün iclasdan daha vacib olan tədbir nədir axı? Bir dəfə dinmirik, iki dəfə dinmirik. Tədbirə gedib, iclasın yarısına gəlirlər, sonra da bir-iki çıxış edir, yenidən çıxıb gedirlər. Biz özümüz özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Mən öz fikrimi deyirəm, burada çəkinməli bir şey yoxdur. Dünyanın hər yerində var ki, 500 deputatdan 50-si iştirak edə bilər, amma səsvermə zamanı hamı iştirak etməlidir. Əvvəl deyirdik ki, 3 deputatın 1 telefonu var. Artıq hər kabinetində 1 hökumət telefonu var. Bir sual verəcəyəm. Bu boyda bina tikilir. Mən bu binada komitə sədrlərindən başqa deputatların 70%-ni kabinetdə görməmişəm. Yaxşı, əgər o kabinetə gəlmirsə, otağı ekspertlərimizə verək, gedib otursunlar orada. Deyirik ki, burada sakitlik olsun. Hamımız telefondan istifadə edə bilirik. Girirsən parlamentdə, telefonu səssizə qoy. İclas gedir, hər tərəfdən bir zəng gəlir. Bunlar elementar şeylərdir. Bunları demək heç yaxşı deyil”.
Daha sonra O. Əsədov “mən qurtardım, indi kimin ürəyi doludur başlasın”, - deyərək sözü deputatlara verib.