ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinezin imzaladığı Bəyannamə ilə 28 may 2014-cü il tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Bəyannamədə qubernator bildirib ki, 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikası yaradılıb və bu dövlət digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb.
Qeyd olunur ki, qısa ömür sürməsinə baxmayaraq, ADR irqindən, cinsindən, etnik kimliyindən və ya dinindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib və müsəlman dünyasında qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk dövlət olub: “Müstəqilliyinin bərpasından keçən son iki onillik ərzində Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və olduqca mühüm Xəzər bölgəsində ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib”.
Sonda hər il bütün dünyada milyonlarla azərbaycanlının 28 may tarixini milli gün kimi qeyd etdiyini vurğulayan qubernator bu tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edib və bütün ştat sakinlərini bu günü qeyd etməyə çağırıb.