Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları rəhbərliyinin qapalı görüşü başa çatıb.
Bu barədə Lent.az-a açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, görüşdə Milli Şura ilə bağlı yaranmış hazırkı situasiya dəyərləndirilib.
F.Qəhrəmanlı bildirib ki, hər iki partiyanın rəhbərliyinin iştirak etdiyi görüşdə Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi, həmçinin, qurumdan hansısa qüvvələrin kənarlaşdırılması ilə bağlı məqamlar da müzakirə edilib. AXCP rəsmisi bəyan edib ki, təmsil etdiyi partiyanın bu məsələlərlə bağlı mövqeyi Müsavat elan edilib. Qeyd edilib ki, R.İbrahimbəyov MŞ üzvlərinin səsverməsi ilə fəxri sədr seçilib və bu məsələ AXCP üçün müzakirə predmeti deyil. Eyni zamanda, AXCP MŞ-də təmsil olunan heç bir qurumun və ya fərdin oradan uzaqlaşdırılmasının tərəfdarı deyil.
F.Qəhrəmanlının sözlərinə görə, görüşdə müzakirəyə çıxarılan əsas mövzulardan biri də Müsavat və AXCP-nin ikili müttəfiqliyinin yolları və bu müttəfiqliyi daha da təkmilləşdirmək variantları olub. O qeyd edib ki, bununla bağlı Müsavat Partiyası rəsmilərinə AXCP-nin hələ bir neçə il öncə iki partiyanın birləşərək, superpartiya olmaq ideyasına dəstək verdiyi xatırladılıb: “Biz görüşdə dedik ki, AXCP Müsavatla ikili müttəfiqlik məsələsində öz mövqeyini çox açıq ifadə edib və birləşmək ideyasını dəstəkləyib. Lakin təəssüf ki, o zaman Müsavat rəhbərliyi bu ideyaya isti yanaşmadı. Eyni mövqeyimizi indi də təkrarladıq və müttəfiqliyin yeni istiqamətlərini müzakirə etdik”.