Ramil Səfərovun Azərbaycana gətirilməsindən sonra erməni terror təşkilatlarının xaricdə fəaliyyət göstərən Azərbaycanın diplomatik nümayəndəliklərinə təhdidlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyi tərəfdaş ölkələrlə məlumat mübadiləsi edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan Ordusunun zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana verilməsindən və azadlığa buraxılmasından sonra erməni terror təşkilatlarının təhdid dolu bəyanatları müqabilində xarici ölkələrdəki səfirlik və nümayəndəliklərimizin təhlükəsizliyi ilə əlaqədar tərəfdaş dövlətlərin xüsusi xidmət orqanları ilə əməliyyat-informasiya mübadiləsi aparılıb.
2012-ci ildə həm də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqlar nəticəsində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş 1 Azərbaycan vətəndaşı BQXK-nın vasitəçiliyi ilə azad edilib. Azərbaycan ərazisinə keçərkən saxlanılan 3 Ermənistan vətəndaşı isə öz ölkəsinə qayıtmaqdan imtina etdiyi üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkəyə göndərilib.
Araşdırmalar zamanı 20 nəfərin də döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb, 38 itkinin taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 5 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 26 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşib. Ümumilikdə 2012-ci il dekabrın 1-nə olan məlumata görə, 4031 nəfər itkin düşüb, 1402 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasının qeydiyyatından keçib. Araşdırmalar nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 33 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalı da irəli sürülüb.
Əməliyyat xidməti fəaliyyəti zamanı fədakarlıq və şəxsi şücaət göstərək xüsusilə fərqlənmiş 36 MTN əməkdaşına Azərbaycanın orden və medalları təqdim olunub. Habelə 81 hərbi qulluqçu “Hərbi xidmətdə fərqlənməyə görə” medalının müxtəlif dərəcələri, 3 əməkdaş “Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı” döş nişanı ilə təltif edilib.