“Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi enerji təhlükəsizliyinin təmin olunması sahəsində bütün strukturlar, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır”.
APA-nın xəbərinə görə, bu sözləri MTN-nin Enerji infrastrukturunun müdafiəsi şöbəsinin rəhbəri Cavad Tinayev “Enerji təhlükəsizliyinə vahid yanaşma: NATO-nun və digər tərəflərin mövqeyi” mövzusunda Bakıda keçirilən konfransda çıxışında deyib.
C. Tinayev müxtəlif terror təşkilatlarının enerji infrastrukturuna müdaxilə cəhdləri ilə bağlı olan risklərə diqqəti cəlb edib: “Bu cür cəhdlərin qarşısı MTN tərəfindən vaxtında alınıb”.
MTN əməkdaşı Cənubi Qafqazdakı münaqişələr və separatçı qüvvələrin mövcudluğuna da diqqət çəkərək bildirib ki, Azərbaycan ərazilərinin müəyyən hissəsinin işğalı faktı da təhlükə mənbəyidir: “Sərhədlərin bir hissəsi nəzarətsizdir, bu isə terror təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Bundan başqa, Qərb istiqamətində çəkilmiş boru kəmərlərinin bir qismi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Bu da təhlükə istiqamətlərindən biridir”.
Dəniz akvatoriyasında enerji təhlükəsizliyin təminatı məsələsinə toxunan C. Tinayev qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyən olunmaması Azərbaycanın bu istiqamətdəki cəhdlərinə neqativ təsir göstərir.