Bakı-APA. “Gürcüstana dost ölkədə səfərdə olmaq mənim üçün çox əhəmiyyətlidir. Heydər Əliyev tərəfindən təməli qoyulmuş kurs cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan dövlətçiliyi gücləndirilib”.
APA-nın xəbərinə görə, bunu Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə birgə mətbuat üçün bəyanatında Gürcüstan prezidenti Mixeil Saakaşvili deyib.
M. Saakaşvili qeyd edib ki, Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir: “İstər regionda, istərsə də geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri var. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır”.
Gürcüstan prezidenti qeyd edib ki, ölkəsində apardığı infranstruktur dəyişikliyi ilə bağlı bir sıra ideyalar və fikirlər məhz Azərbaycandakı səfərləri nəticəsində meydana gəlib: “Mən ümid edirəm ki, bir gün bizim də ölkəmizdə Sizin inkişaf öz əksini tapacaq. Təbii ki, bu rəqabətdə biz bir balaca zəif tərəf kimi çıxış edirik. Amma mən yenə də ümid edirəm ki, inkişaf davam etdiriləcək”.
M. Saakaşvili qeyd edib ki, Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanın ölkəsi ilə dostluğu davam edəcəyinə əmindir: “Gürcüstana Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyil. Bu, sadəcə bəyanat, sözlər deyil. Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməyib, bizə bu qədər dəstək verməyib. Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız var. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməyib. Bu isə, cənab Prezident, bilavasitə Sizin xidmətinizdir. Mən çox şadam ki, Gürcüstanın da baş naziri Azərbaycana səfər edib və öz gözü ilə buradakı inkişafın şahidi olub. Bu da bizə imkan verir ki, bu dostluq bundan sonra da davam etsin”.
Gürcüstan prezidenti Bakı-Tbilisi-Qars layihəsinin də başa çatdırılmasının vacibliyini vurğulayıb: “Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır. Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Bu layihənin sual altına alınması bir cinayətdir. Mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər. Bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaq. Eyni zamanda, bizim tərəfdaşımız və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm ki, bu layihənin icrası başa çatdırılacaq”.
M. Saakaşvili qeyd edib ki, Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilib: “Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas edib, bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olub. Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməyib. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir. Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır”.
M. Saakaşvili neft və qaz kəmərləri sayəsində Gürcüstanın strateji, iqtisadi əhəmiyyətinin də Azərbaycanın sayəsində baş tutduğunu deyib: “Hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyil. Məhz keçmişdə müstəqilliyimizi o səbəbdən itirmişdik ki, biz yaxından əməkdaşlıq edə bilməmişdik. Lakin son illərdə biz dostluğumuzu o qədər gücləndirmişik, o qədər güclü təməl üzərində qurmuşuq ki, artıq bu dostluq sarsılmazdır və əbədidir. Cənab Prezident, bir daha xüsusilə Sizin rolunuzu qeyd etmək istərdim. Sizin sayənizdə biz bu haqda danışa bilirik və əminəm ki, gələcək nəsillər də buna layiqli qiymət verəcək. Mən buna şübhə etmirəm”.