Milli Şuranın bu gün keçirilən sessiyası dünənki aksiyanın müzakirə ilə başlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, sessiyadan əvvəl də kuluarlarda AXCP üzvlərinin mitinqdə müsavatçıların az iştirak etməsi ilə bağlı narazılıqları və mübahisələri olub.
Məlumata görə, cəbhəçilər müsavatçıları “qəsdən aksiyaya gəlməməkdə” ittiham ediblər.
İclas iştirakçılarından aldığımız məlumata görə, toplantının əvvəlində də mitinqin kütləviliyinin təmin edilmədiyi, aksiya qərarının yanlış olduğu bildirilib və müəyyən vaxt üçün aksiyalara fasilə verməyin zəruriliyi barədə təkliflər səsləndirilib.
Milli Şuranın vahid namizədi ilə bağlı məsələ də mübahisə mövzusuna çevrilib. İş o yerə çatıb ki, Müsavat başqanı İsa Qəmbər iclası tərk edərək, partiyanın çayxanasına gəlib və bir müddət orda partiyadaşları ilə söhbət etməyə üstünlük verib.
İclasda daha çox Mehman Əliyev və Gültəkin Hacıbəylinin Milli Şuranın ehtiyat namizədi olması ilə bağlı təkliflər səsləndirilir. Lakin cəbhəçilər yalnız Rüstəm İbrahimbəyovun namizədliyi üzərində israr ediblər. Onlar bildiriblər ki, R. İbrahimbəyovun namizədliyi üzərində israr etməklə, “hökuməti fakt qarşısında” qoymaq olar.
Müsavatçılar isə ehtiyat namizəd müəyyənləşdirilməsinin vacibliyini qeyd ediblər. Cəbhəçilərin İbrahimbəyov olmayacağı təqdirdə seçkini boykot olmağa çağırması müsavatçıların etirazına və mübahisəyə səbəb olub.