Milli Ordunun memarı
10 may 2014 11:10 (UTC +04:00)

Milli Ordunun memarı

Hər bir dövlətin, xalqın tarixində böyük şəxsiyyətlər silinməz izlər qoyur. Bir çox ölkədə elə dahilər var ki, dövlətin formalaşması məhz onların adı ilə bağlıdır. Bəzən isə şəxsiyyətlər dövləti məhv olmaqdan xilas edir. Ağır sınaq qarşısında olan xalqın xilaskarı olmaq şərəfli vəzifə az sayda insan nəsib olur. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir.
 

Müstəqilliyini yeni əldə etmiş, bədnam qonşumuzun ərazi iddiası, böyük güclərin siyasi oyunlarının məngənəsində qalan xalqımız xilas yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gətirməkdə görürdü.
 

Rusiyanın silahlandırdığı Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda üstünlüyü ələ alması, daxili siyasi hərc-mərclik ölkəni çətin duruma salmışdı. Vahid hərb komandanlığın olmaması, hərbi bölmələrin müstəqil formada döyüşməsi, koordinasiyanın olmaması Azərbaycan ordusunun ağır itkilər verməsinə və geri çəkilməsinə səbəb olmuşdu. Düşmən cəbhədə irəlilədiyi halda Bakıda hakimiyyət uğurunda mübarizə gedirdi. Mərkəzi hakimiyyətin zəifliyi və yarıtmaz idarəçiliyi fonunda siyasi qüvvələr düşmən savaşmaq əvəzinə bir birlərinə qarşı mübarizə aparırdılar. Müxtəlif silahlı qruplaşmalar əsl anarxiya yaratmışdılar. Belə bir vəziyyətdə ölkə silahlı qiyam baş verdi və siyasi rəhbərlik paytaxtı tərk etmək məcburiyyətində qaldı.
 

Xalq belə ağır gündə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi Bakıya çağırdı. Bu zaman Naxçıvan MR-na rəhbərlik edən Heydər Əliyev çətin günlərini yaşayan Bakıya gəldi. Ulu öndər qiyamın dayandırılmasına və mərkəzi hakimiyyətin möhkəmləndirilməsinə nail oldu.
 

Dövlət strukturlarının fəaliyyəti qısa müddət ərzində qaydaya salınsa da artıq Ermənistan Dağlıq Qarabağ və ətrafdakı 7 rayonu işğal etmişdi. Ermənistan ordusunun genişmiqyaslı hücumlarının davam etdiyi bir vaxtda ümummilli lider 2 noyabr 1993-cü ildə televiziya və radio vasitəsilə xalqa müraciət edərək vətnin müdafiəsinə çağırdı. Qısa müddətdə minlərlə insan ordu sıralarına axışdı. Nəticədə Füzuli istiqamətində düşmənin hücumu dayandırıldı. Azərbaycan ordusu əks hücuma keçərək, Horadiz qəsəbəsini, Füzuli rayonun 20 kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Bundan sonra işğalçılar geri çəkildilər. 1994-cü ilin mayında atəşkəs imzalandı. Yaranmış imkandan istifadə edən Ümummilli lider ordu quruculuğu prosesinə başladı. Başıpozuq, yarım hərbi birləşmələr ləğv edildi. Vahid komandanlıqdan idarə edilən nizami ordunun formalaşdırılması prosesi uğurla həyata keçirildi. Hərbi birləşmələr komplektləşdirildi. Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı. Ordu müasir hərbi texnika, silah sursatla təchiz edilir. Ulu Öndərin həyata keçirdiyi işlər nəticəsində hərbi təhsil sistemi müasir formada quruldu. Qeyd edək ki, SSRİ dövründə sovet rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində azərbaycanlılar hərbi xidməti əsasən “stroybat” adlandırılan, müxtəlif inşaat və s. işlər görən hərbi hissələrdə çəkirdilər. 1969-cu ildə Azərbaycan SSR-də ali hakimiyyətə gətirilən Ümummilli lider Heydər Əliyev o zaman SSRİ rəhbərliyinin razılığını alaraq ölkəmizdə hərbi təhsil sisteminin yaradılmasına başladı. Ulu öndərin səyi nəticəsində Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Respublikamızda hərbi təhsilə maraq artırıldı. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra cəmiyyətdəki ruh düşkünlüyünü aradan qaldırmaq, gənclərin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək məqsədilə hərb peşəsinə gənclərin cəlb edilməsi sahəsində böyük işlər həyata keçirdi. Nəticədə hərbi məktəblərdə təhsil almaq istəyən gənclərin sayı dəfələrlə artdı. Həmçinin yüzlərlə gənc hərbi təhsil almaq üçün dünyanın ən qabaqcıl hərbi məktəblərinə göndərildi. Bununla yanaşı ölkəmizdəki hərbi təhsil müəssisələrində əsaslı dəyişikliklər həyata keçirildi. Bu çərçivədə görülmüş işlərin davamı olaraq 1997-ci ildə hərbi təhsil müəssisələrində NATO standartları tətbiq edilməyə başlandı. Nəticədə gələcək zabitlərin daha peşəkar, müasir hərbi texnikanı, silahları daha mükəmməl öyrənməsi üçün hər cür şərait yaradıldı. Ulu öndər Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlığının sürətləndirilməsi istiqamətində mühüm addımlar atdı.
 

Silahlı Qüvvələrin yüksək dünya standartları səviyyəsində formalaşdırılması üçün Ümummilli lider NATO ilə əlaqələri genişləndirdi. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz” proqramına, 2001-ci ildə “Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycan sülhməramlıları Kosovo, Əfqanıstan və İraqda dövlətimizi ləyaqətlə təmsil etməklə ordumuzun qüdrətini bir daha sübut etdilər.
 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesi Silahlı Qüvvələrin Ali Baş Komandanı, respublikamızın prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın iştirakı ilə keçirilən hərbi paradlar, təlimlər ordumuzun gücünü bir daha nümayiş etdirdi. Prezidentin təşəbbüsü ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi milli hərbi sənayenin yaranmasına və inkişafına təkan verdi. Artıq Azərbaycan da hərbi məhsullar istehsal və ixrac edən ölkələr sırasındadır. Ordumuz milli sənayemizin məhsulu olan müxtəlif növ silah və texnika ilə təmin olunur. Artıq bədnam qonşularımız Azərbaycan ordusunun gücündən qorxuya düşdüklərini gizlətmir, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın müharibəyə hazırlaşdığı barədə car çəkirlər. Son illər hərbi sahədə həyata keçirilən islahatlardan biri də hərbi komissarlıqların Çağırış və Səfərbərlik üzrə Dövlət Xidməti ilə əvəz edilməsi oldu. Yeni struktur daha çevik və müasir üsullarla hərbi xidmətə çağırış işini təşkil edir, eyni zamanda Silahlı Qüvvələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığını da həyata keçirir. Artıq bu struktur öz fəaliyyətini müasir qaydada formalaşdıraraq vətəndaşlara elektron xidmətin göstərilməsini təmin edir.
 

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan ordusu günü gündən güclənir, işğal altında qalan torpaqlarımızı azad etmək üçün istənilən vaxt Ali Baş Komandanın əmrini müvəffəqiyyətlə icra etməyə hazırdır. Ordumuzun bugünkü qüdrəti məhz Ümummilli lider Heydər Əliyevin danılmaz fəaliyyətinin nəticəsidir. Ulu Öndərin formalaşdırdığı Milli Ordumuz hazırda regionun ən güclü ordusudur və bütün dünya bunu belə qəbul edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar