Millət vəkilləri prezidentin çıxışını dəstəklədilər
15 fevral 2013 12:50 (UTC +04:00)

Millət vəkilləri prezidentin çıxışını dəstəklədilər

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Lent.az-ın verdiyi məlumata görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan turizm şirkətlərinin “Türk Hava Yolları” şirkətinin aviareyslərinə bilet satışını dayandırmasına münasibət bildirib. O, millət vəkillərinin Türkiyəyə səfəri zamanı “Türk Hava Yolları” şirkətinin təyyarələrindən istifadə etdiklərini deyib, ancaq bu təyyarələrdə xidmətin səviyyəsinin aşağı olmasından şikayətlənib. O, Milli Məclisin bu məsələni diqqətdə saxlamasını istəyib.

 

Millət vəkili Fəzail Ağamalı prezident İlham Əliyevin icra strukturlarının rəhbərlərinə xəbərdarlığına toxunub. O, bu məsələdə millət vəkillərinin dövlət başçısı ilə həmrəy olmasını zəruri sayıb. Fəzail Ağamalı bildirib ki, yolunu azmış, harınlamış məmurlarla mübarizə məsələsində Milli Məclisdə özünün prinsipial mövqeyini ortaya qoymalıdır: “Mən ad çəkmək istəmirəm, adlar məlumdur. Prezident konkret addımlar atmağa başlayıb. Biz həmişə prezidentlə bir yerdə olmuşuq, onun siyasətini dəstəkləmişik. Yolunu azmış, harınlamış məmurların idarəçilikdən uzaqlaşdırılmasında da prezidentlə birgə olmalıyıq”.

 

Millət vəkili İqbal Ağazadə İsmayılı hadisələrindən sonra REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsinin cəmiyyətdə bir sıra suallar yaratdığını söyləyib: “Hadisədən 2 gün sonra birinin müxbir, digərinin aktiv şəxs kimi rayona getməsinə görə həbs olunması anlaşılmazdır. Bir gün əvvəl baş vermiş hadisəni siyasiləşdirərək məsuliyyəti müxalifətin üzərinə atmağın nə yeri var? İsmayıllı hadisələrinə görə həbs olunanların hamısı prezidentin çıxışından sonra azadlığa buraxılmalıdır”.

 

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, istintaq İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya hansı məqsədlə getdiklərini araşdıracaq: “Ona görə də narahat olmayın”.

 

Millət vəkili Fazil Mustafa Tofiq Yaqublunun qızından sonra özünün həbsinin düzgün olmadığını söyləyib: “Ancaq İlqar Məmmədov məsələsi fərqlidir. Bu şəxs millət vəkillərini, Milli Məclisi təhqir edib. Heç olmasa millət vəkilləri onu müdafiə etməsin”.

 

Millət vəkili Etibar Hüseynov Əkrəm Əylislinin “Daş yuxular” romanına toxunub. O deyib ki, müvafiq dövlət qurumları fəxri adlar almış adamların davranışlarını diqqət mərkəzində saxlamalıdır. Etibar Hüseynov təklif edib ki, bununla bağlı Milli Məclisin ayrıca iclası keçirilsin.

 

Millət vəkili Sabir Rüstəmxanlı da qeyd edib ki, günahsız insanların həbsdə saxlanılması düzgün deyil və prezidentin çıxışının da mahiyyətində bu vardı. O, qanunlara yamaq vurulduğunu vurğulayıb: “Yeri gəlmişkən, biz dəfələrlə dövlət orqanlarına müraciət edirik, cavab vermirlər. Tofiq Yaqublu və qızı niyə həbsdə saxlanılmalıdır? Nə olub, ata-bala ölkəni dağıdırlar?! Balaca bir qızı var, atası və bacısının həbsdən azad edilməsi üçün məndən imza istədi”.

 

Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara qoşulur: “Buna uyğun olaraq qanunlara dəyişiklik edilir. Digər tərəfdən, ictimai münasibətlərin inkişafına uyğun olaraq qanunlara dəyişiklik edilməsi zərurəti yaranır. Ona görə də qanunlara yamaq vurulur ifadəsi ilə razı deyiləm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121
avatar

Oxşar yazılar