Azərbaycan Mətbuat Şurası (MŞ) bu gün Bakının Fəvvarələr meydanında keçirilmiş razılaşdırılmamış aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb.
MŞ-dən APA-ya daxil olan məlumatda bildirilib ki, qurumun Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində «PRESS» yazılmış xüsusi göcəkçələrdə olduqlarını müəyyənləşdirib.
Qurumun monitorinq qrupu fərqləndirici geyimdə olan jurnalistlərə qarşı hər hansı təzyiq faktını qeydə almayıb, qrupun üzvlərinə də belə müraciət daxil olmayıb.
MŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyaçı qismində çıxış etdiklərini müşahidə edib.
Monitorinq qrupunun üzvləri həmin şəxslərə hərəkətlərinin peşə etikasına zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışmaları ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, aksiya yerindən uzaqlaşıblar.
Azərbaycan Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdən istifadə etməyi, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edir: “Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və obyektiv informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır”.