Leyla Əliyeva: “Gələcək barədə nikbinəm...”
05 aprel 2013 19:11 (UTC +04:00)

Leyla Əliyeva: “Gələcək barədə nikbinəm...”

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialog on Enviromental Action) kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasında (İNEPO-Avrasiya) çıxış edib.

 

APA-nın xəbərinə görə, L. Əliyeva əvvəlcə göstərdikləri səylər və dəyərli töhfələrlə əlaqədar Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının təşkilatçılarına və onu dəstəkləyənlərə təşəkkürünü bildirib: “Bu tədbirin burada, istifadə olunmamış təbii ehtiyatlar potensialına malik, Avropa, Asiya və Orta Şərqin kəsişməsində strateji mövqedə yerləşən unikal regionun mərkəzində keçirilməsi simvolikdir. Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələri ilə deyil, həm də Şərq müdrikliyi və Qərb inkişafını özündə birləşdirən zəngin tarixi və mədəniyyəti ilə məşhurdur. Bu gün mənim ölkəm bir sıra təşəbbüslər həyata keçirərək ekoloji göstəriciləri inkişaf etdirməyə müvəffəq olub, biz qonşularımıza da bunu etməkdə yardımçı olmuşuq. Biz regionda liderik və bizim ətraf mühitlə bağlı siyasətimiz bilavasitə ehtiyatların istifadəsinin eko-səmərəliliyini artırmağa və daha davamlı istehsal və istehlak modelləri istiqamətinə hədəflənmiş strategiyamızın üzərində qurulur. Əziz dostlar, heç də uzaq olmayan keçmişdə biz çox gözlədiyimiz yeni əsrə qədəm qoyduq. Və biz sosial dezinteqrasiya və zorakılığın artması, strateji balansın dəyişməsi, dünyada narahatlığın güclənməsi və istismarın böyük müxtəlifliyinin sistematik hal almasından irəli gələn problemlərlə üzləşdik”.

 

L. Əliyevanın sözlərinə görə, etiraf edilməsi çətin olan həqiqət ondan ibarətdir ki, insanların əksəriyyəti gələcək üç, dörd və ya beş nəsil sonra yaşayacaq insanlardan daha çox, öz rifahı barədə düşünür: “Çox vaxt biz elə davranırıq ki, sanki təbiətin bir hissəsi deyilik. Təbiətdə yuva qurduğumuzu və ondan asılı olduğumuzu düşünmək əvəzinə, biz ondan yuxarıda olduğumuzu, onu idarə etdiyimizi düşünürük. Bu cür yanaşma ilə gələcəkdə qlobal fəlakətin baş verməsi ehtimalının yüksək olduğunu proqnozlaşdırmaq mümkündür. Ona görə də, bu gün bizim ümumi gələcəyimiz uğrunda olan bu mübarizə məktəb və kolleclərdə (universitetlərdə) ətraf mühitin mühafizəsi ilə bağlı təhsilin əsas prinsiplərinə əsaslanmalıdır. Bu gün gəncliyimiz ən mühüm intellektual, mədəni və mütəxəssis ehtiyatımızdır ki, bizim dövlətlərimizin taleyi onların həyat keyfiyyəti və inkişafından asılıdır”.

 

L. Əliyeva Azərbaycanın əsrarəngiz təbiətə və zəngin biomüxtəlifliyə malik, 11 iqlim qurşağından 9-nun müşahidə edildiyi bir ölkə olduğunu xatırladıb: “Biz hesab edirik ki, indiki nəslin gələcək nəsillərin qorunması üçün hərəkətə keçməsinin vaxtı çatıb. Biz artıq iki ilə yaxındır ki, İDEA (Ətraf Mühitin Mühafizəsi Üzrə Beynəlxalq Dialoq) beynəlxalq məlumatlandırma kampaniyasını həyata keçiririk. Bu kampaniya ətraf mühitin mühafizəsi, o cümlədən gənclərlə bağlı siyasət sahəsində müxtəlif mexanizmləri həyata keçirmək üçün bir platformaya çevrilib. Bizim “Qlobal ətraf mühitlə daha yaxşı ahəng yaratmaq üçün gənclərin gücünü azad etmək” fəlsəfəmiz bizə imkan verir ki, gəncliyə diqqət ayıraq və bizi əhatə edən təbiətlə davranışımızı dəyişmək üçün onu mühüm vasitə hesab edək. Ötən il biz Azərbaycan Dövlət İdarəçilik Akademiyasında İDEA-nın Resurs Mərkəzini açdıq. O vaxtdan bu mərkəz yaratmaq, qorumaq və qayğı göstərmək istəyənlərin evinə çevrilib. Biz İDEA-nın Resurs Mərkəzinin innovasiya, liderlik və proaktiv tədbirlər vasitəsilə müsbət dəyişikliklərə necə nail olduğunun şahidi olmuşuq. Eyni zamanda, ilk dəfə olaraq Azərbaycan paytaxtında İDEA kampaniyası ilə BMT Ətraf Mühit Proqramı tərəfindən birgə təşkil olunan Yaşıl Həftə keçirilin. Kampaniya həyata keçirilməyə başlayandan biz yox olmaq təhlükəsi ilə üzləşən və sağlam yaşaması bizim əsas məqsədimiz olan “Böyük Qafqaz beşliyi”ni müəyyən etmişik. Bunlar ayı, qartal, canavar, ceyran və bəbirdir. Təkcə Azərbaycanda deyil, həm də bütün dünyada gənclər arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı təbliğ etmək üçün biz bütün dünyadan olan gənc ətraf mühit mühafizəsi qrupları ilə tərəfdaşlıq qurmuşuq. Məsələn, İDEA kampaniyası Ümumdünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyi ilə anlaşma Memorandumu imzalayıb, bu bizə Qafqaz bizonunu İDEA-nın yox olmaq təhlükəsi ilə üzləşən növlər siyahısına daxil etməyə imkan verib, hazırda biz Ümumdünya Vəhşi Təbiət Fondunun Türkiyə nümayəndəliyi ilə eyni hüquqi sənəd üzərində işləyirik”.

 

L. Əliyeva qeyd edib ki, son 10 ildə Azərbaycan Qafqaz bəbirinin hazırkı vəziyyətini qiymətləndirmək və onun qorunmasına yanaşmaları inkişaf etdirmək üçün əhəmiyyətli səylər göstərib: “Regionun nadir növlərindən olan bu iri pişik Ümumdünya Vəhşi Təbiət Fondunun xüsusi kameraları tərəfindən Azərbaycanın çoxsaylı milli parklarının ikisində qeydə alınıb. Uzun illərdir ki, bu gözəl heyvan heç yerdə görünməmişdi. Bu gün bu gözəl, lakin nadir və yox olmaq təhlükəsi ilə üzləşmiş bu heyvan növü yalnız Azərbaycanda mövcuddur, bizim vəzifəmiz onu qorumaq, bu və digər nadir növlərin təbii yaşayış mühitində varlıqlarını təmin etməkdir. Biz xüsusilə bütün region və əsasən də Azərbaycanın ətraf mühitinin qorunmasına yönəlmiş ətraf mühitin mühafizəsi ilə bağlı təhsil və layihələr sahəsində uğur əldə etmişik. Bizim “İDEA Yaşıl Azərbaycan Naminə” layihəmiz ictimaiyyət arasında ətraf mühit məsələləri ilə bağlı məlumatlılığı, nəzəri və praktiki bilikləri artırıb. 20-dən artıq şəhərdə bizim təlimatçılarımız Azərbaycanın müxtəlif bölgələrindən olan 8000 orta məktəb şagirdi arasında təbiətə dostca yanaşmanı təbliğ ediblər. Mən qürur hissi ilə bildirirəm ki, növbəti tədris ilindən başlayaraq bizim kampaniyanın təşəbbüsü ilə ətraf mühitin mühafizəsi ilə bağlı dərslər Azərbaycanda məktəb proqramlarına daxil ediləcək. Amma biz təkcə təhsil proqramları ilə kifayətlənmirik. Bu yaz biz Litva, Rusiya, İtaliya və Qırğızıstandan olan tərəfdaşlarımızla birlikdə həmin ölkələrin paytaxt şəhərlərindəki parklarda quş yuvaları quracağıq. Bu layihə siyasətdən asılı olmayaraq təbiəti qorumaq və mühafizə etmək əzmində birliyi simvolizə edəcək”.

 

L. Əliyeva çıxışını sonunda vurğulayıb: “Əziz dostlar, biz bir danılmaz faktoru başa düşməliyik – bu gün biz insanların çoxluq təşkil etdiyi planetdə yaşayırıq. İnsanların sayının artması və istifadə olunan ehtiyatların miqdarı Yer kürəsini hədsiz dərəcədə dəyişir. Kənd təsərrüfatı, balıqçılıq, sənaye, əyləncələr, beynəlxalq ticarət vasitəsilə insanlar bu planetdə yaşayışı ağla gəlməyəcək dərəcədə dəyişiblər. Təbii ehtiyatların dəyəri pulla müəyyənləşdirilə və ifadə oluna bilər, lakin təmiz havanın, təbii landşaft və korlanmamış ekoloji sistemin pulla ölçülməsi demək olar ki, mümkünsüzdür. Onların sadəcə qiyməti yoxdur. Mən gələcək barədə nikbin fikirdəyəm. Düşünürəm ki, hazırkı nəsil təbiətin qorunmasının ən yaxşı ənənələrinə sahib çıxaraq və ətraf mühit haqqında öyrənərək bizim övladlarımızın bu günü və gələcəyinə olan bütün təhdidləri aradan qaldıracaq. Bu, bizim hamımızın töhfə verə biləcəyimiz sahədir! Yaşadığımız planetin təhlükəsizliyi, xoşbəxtliyi və həyatın davamı Olimpiadada təqdim olunan layihələrin həyata keçirilməsindən asılıdır. Biz planetdəki bütün növlərin, təmiz hava, təmiz içməli su, təhlükəsiz qida ehtiyatlarının qorunması üçün səylərimizi birləşdirməliyik. Qısacası, uşaqlarımıza fəxarət hissi ilə ötürə biləcəyimiz bir dünya... Mən bütün iştirakçılara uğurlar arzulamaq və bu heyrətamiz addıma dəstəyimi ifadə etmək istəyirəm”. 

 

# 1201
avatar

Oxşar yazılar