Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ermənilərin Tiflisdə Şuşanın işğal gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etməsinə münasibət bildirib. Lent.az-ın xəbərinə görə, N.İbrahimov mayın 9-da ermənilərin təşkil edəcəyi tədbiri Azərbaycan Gürcüstan münasibətlərinə xələl gətirməyə yönəlmiş təxribat adlandırıb: “Ermənilərin Şuşanın işğal gününü bayram etməsinin əsl məqsədi Azərbaycan və Gürcüstan arasında gərginlik yaratmaqdır. Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən ölkədir. Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb. Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaq”.
Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzi Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək məqsədilə mayın 9-da tədbir təşkil etməyi planlaşdırır.