“Kolumbiya Senatı və xalqı Azərbaycan xalqı ilə həmrəydir”
Kolumbiya Senatının Xarici Əlaqələr komitəsinin üzvü, senator Alexandra Pirakive Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin sədrinə məktub ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər iki məktubda senator Alexandra Pirakive qeyd edib ki, Ermənistanın işğalçı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində törədilmiş bu qanlı faciənin yad edilməsində Kolumbiya Senatı və xalqı Azərbaycan xalqı ilə həmrəydir.
Senator Kolumbiya Senatının 2012-ci ildə Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi məlum qərarına istinad edərək, bu qərarın Azərbaycan əhalisinə dəstək bildirmək və törədilmiş soyqırımın pislənilməsi məqsədi ilə qəbul olunduğunu vurğulayıb. Senator Alexandra Pirakive məktublarında yazıb ki, bu faciə unudulmamalı və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün səylər göstərilməlidir.
Fevralın 15-də də kolumbiyalı senatorun mətbuat xidməti tərəfindən Xocalı soyqırımı ilə bağlı bu ölkənin mətbuatı üçün məlumat yayılıb.