Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) “Ayna-Zerkalo” qəzetinə ayrılan maliyyə vəsaitini dayandırıb.
Bu barədə “axar.az”a qəzetin baş redaktoru Elçin Şıxlı məlumat verib.
Onun sözlərinə görə, qəzet ötən həftə Fonda müraciət edərək may ayından etibarən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəklərini bildirib: “Biz müraciət etdik ki, qəzet maliyyə çətinlikləri ilə əlaqədar həftəlik formata keçib. Lakin hazırda redaksiyaya ödənilən vəsaitlət qəzetin nəşrinə kifayət eləmir. Ona görə də öhdəliyi yerinə yetirə bilmirik”.
KİV DF isə bu məsələni müzakirə etdikdən sonra bu gün qərarını açıqlayıb: “Bu gün mənim e-mail poçtuma cavab göndərilib. Bildirilir ki, “Ayna-Zerkalo” qəzeti öhdəliyi yerinə yetirə bilmədiyi üçün qəzetə maliyyə yardımının ayrılması dayandırılır”.
Xatırladaq ki, qəzetin Türkiyədəki xüsusi müxbiri Rauf Mirqədirovun həbsindən sonra “Ayna-Zerkalo” qəzeti həftəlik fəaliyyətə keçib. Lakin E.Şıxlı maliyyə yardımının dayandırılmasının heç bir siyasi xarakter daşımadığını qeyd edib. Baş redaktor bunun sırf qəzetin fəaliyyətinin zəifləməsi ilə bağlı olduğunu bildirib.