Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Javed Ludinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kəmaləddin Heydərov görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Görüş zamanı Əfqanıstanın fövqəladə halların idarə olunmasına məsul dövlət qurumları ilə birgə təlimlərin keçirilməsi, o cümlədən bu dövlət qurumlarının əməkdaşlarının fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Javed Ludin də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanın bu ölkəyə göstərdiyi yardımları yüksək qiymətləndirib, aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarının geniş olduğunu söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.