Fevralın 25-də İsrailin paytaxtı Təl-Əvivdə Heydər Əliyev Fondu, AZİZ (Azərbaycan-İsrail Dostluq Cəmiyyəti) və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, İsrailin hökumət üzvləri və deputatlarının qatıldığı anım mərasimində həmçinin İsrail Bələdiyyə Şurasının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai birliklərin rəhbərləri, yerli və xarici KİV-lər, Təl-Əviv universitetinin tələbələri və İsrailin azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.
Mərasim Xocalıda günahsız öldürülən insanların ruhuna oxunan dua ilə başlanıb. Anım tədbirində çıxış edən İsrailin inteqrasiya naziri Sofa Landver iki ölkə arasında münasibətlərin müsbət məqamları və inkişafı haqqında danışaraq iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və dəstəklənməsinin vacibliyini vurğulayıb. Millət vəkili Fuad Muradov “İsaril-Azərbaycan” beynəlxalq Assosiasiyasına Azərbaycan və Dağlıq Qarabağ haqqında həqiqəti əks etdirən məlumatların təbliği ilə bağlı apardığı işə görə təşəkkür edib. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının prezidenti Aleks Miller deyib ki, dünya Dağlıq Qarabağ münaqişəsi və doğma torpaqlarından didərgin düşmüş bir milyon azərbaycanlılar barədə həqiqəti bilməlidir.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə soyqırıma həsr olunmuş “Bitməyən dəhliz” filmi nümayiş edilib.
Film “Xocalıya Ədalət” kampaniyası çərçivəsində sənədli materiallar əsasında hazırlanıb.