Milli Şurada Həmsədrlik İnstitutunun yaradılması, İctimai Palatanın taleyi ilə bağlı məsələdə Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli arasında fikir ayrılığı var.
Bu barədə APA-ya Milli Şuradakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Milli Şurada Həmsədrlik İnstitutu ilə bağlı Müsavat başqanı İsa Qəmbərin mövqeyi ümumilikdə Müsavat funksionerlərinin mövqeyi ilə eynidir. Mənbə iddia edir ki, İ. Qəmbər Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin sədrliyini dəstəkləyir, hətta Milli Şuranın növbəti sessiyalarında sədrliyə yeni seçkilərin keçirilməsində israrlıdır: “İsa Qəmbər Həmsədrlik İnstitutunun təsis olunmasında maraqlı deyil. O hesab edir ki, bu ideya Milli Şura üçün ziyanlı ola bilər. İsa Qəmbərin təklifi belədir ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil, bir ziyalı kimi indiyə qədər uğurlu fəaliyyət göstərib. Ona minnətdarlığımızı bildirərək, Cəmil Həsənlinin Milli Şura sədri olmasını təmin etməliyik. Ümumiyyətlə, Müsavat Partiyası Rüstəm İbrahimbəyovu gələcəkdə Milli Şuranın sədri kimi görmür”.
Milli Şurada Həmsədrlik İnstitutu ilə bağlı AXCP sədri Əli Kərimli və İsa Qəmbər arasında fikir ayrılığı olduğunu deyən mənbənin sözlərinə görə, Ə. Kərimli həmsədrlik məsələsinə etiraz etmir.
Mənbə onu da əlavə edib ki, İctimai Palatanın bundan sonrakı taleyi ilə bağlı məsələdə də Müsavat və AXCP sədrlərinin mövqeyi üst-üstə düşmür: “İsa Qəmbər Milli Şura ilə bağlı münasibətlərin aydınlaşmadığı, qurumun strukturlarının qurulmadığı bir vaxtda bütün strukturları ilə fəaliyyət göstərən İctimai Palatanın buraxılmasına tərəfdarı deyil. Əli Kərimli isə əksinə, Milli Şura olduğu halda, İctimai Palatanın fəaliyyətinə ehtiyac duymur”.