İranın Ermənistandakı səfiri Məhəmməd Rəis Azərbaycan Respublikasına ermənilər kimi yanaşır. Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, fevralın 12-də o, İrəvanda mətbuat konfransı keçirib. Tədbirdə «Azərbaycanın İran xalq musiqi aləti tara iddiasına münasibəti» ilə bağlı sualı cavablandıran iranlı diplomat deyib: «Elə dövlətlər var ki, özlərinin heç nəyi yoxdur, başqalarınkını mənimsəyir. Azərbaycan 1918-ci ildə dövlət olub. Ancaq tar aləti qədim zamanlardan mövcuddur. Tarın İran və Ermənistanda istifadə edildiyi müddət haqda bir söz deyə bilmərəm. Bütün hallarda biz bu məsələni öyrənməyə hazırıq».
O, İrəvandakı «Göy məscid»in də «İrana aid olduğunu» və onun YUNESKO-nun mədəni irsinə daxil edildiyini söyləyib.
Bu, İran mərkəzli panfarsçı düşüncə sistemindən doğan yanaşmadır. O, məsələyə mənsub olduğu siyasi-ideoloji təbəqənin təmsilçisi kimi yanaşıb.
Azərbaycan Respublikasının yaranması tarixini onun milli – mədəni varlığının tarixi ilə eyniləşdirmək çox gülüncdür.
Bir də dünyada Farsistan adlı bir dövlət yoxdur. Onda səfirin məntiqi ilə bu o deməkdir ki, dünyada farslar öz adlarına çıxdıqları mədəni abidələrə də iddia edə bilməz.
Belə götürəndə, Azərbaycan Respublikasının adı İranın adından daha qədimdir.
“Göy məscid” də Ağdam, Şuşa və işğal altında olan başqa mədəni abidələr kimi Azərbaycan türklərinə aiddir. Bunun panfarsçı İran İslam Respublikasına heç bir aiddiyyatı yoxdur.
Atalar yaxşı deyib: «Axsaq atın kor nalbəndi olar», yaxud 30 milyondan çox Güney Azərbaycan türkünün milli varlığını danan bir rejimin təmsilçisindən bundan artığını gözləmək də sadəlövhlükdür.