Prezident İlham Əliyev bu gün Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə “Aqropark” inkişaf konsepsiyası barədə danışıb. Bildirilib ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, bir sözlə aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.
“Şəmkir Aqropark”da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.
Sonda dövlət başçısı aqroparkın təməlini qoyub. Daha sonra Prezident İlham Əliyev mənbəyini Şəmkirçay su anbarından götürən kanala baxıb. Bildirilib ki, uzunluğu 11 kilometr və su nəqli saniyədə 4,5 kubmetr olan kanal aqroparkın yaradılmasında mühüm rol oynayacaq.