“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr üçün, bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir”
“Bugünkü sammit siyasi və iqtisadi yükünə görə böyük əhəmiyyət daşıyır”. APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelashvili Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən “2014 Tiflis sammiti”ndə deyib. G. Marqvelaşvili ölkəsinin həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxın əlaqələrinin olduğunu vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, hər üç ölkə daim birgə səylər göstərir: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr üçün, bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivədən çıxıb qlobal məna daşımaqdadır. Sammitin keçirilməsi özlüyündə çox əlamətdar hadisədir və burada müzakirə olunacaq məsələlər də mahiyyət etibarilə çox böyük məna daşıyır. Burada regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədə əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparacağıq. Birgə fəaliyyət planı haqqında danışacağıq”.
Abdulla Gül isə bəyan edib ki, Türkiyə bu tərəfdaşlıqdan və birlikdən məmnundur. O Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimini xatırladaraq deyib ki, bu da ölkə başçılarının birliyinin nəticəsidir: “İndi də müzakirə olunacaq məsələlər ətrafında eyni mövqedəyik və bu, bizi məmnun edir. Bu üç ölkənin birgə həyata keçirəcəyi önəmli layihələr var. Biz Qafqaz dağlarındakı səddi götürüb bir işbirliyi halına gətirdik. Üç ölkə olaraq siyasi anlamda mehriban qonşu və qardaşıq. İqtisadi anlamda da çox yaxın əlaqələr var”.