“Gürcüstan-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub. Xalqlarımız əsrlər boyu bir yerdə, bir-birinə arxa-dayaq olub, müasir münasibətləri də bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatıblar. Bu gün müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə birgə mətbuat üçün bəyanatında bildirib.
Prezident qeyd edib ki, energetika, nəqliyyat sektorlarındakı birgə layihələr ölkələri gücləndirməklə yanaşı bölgədə sabitliyin, sülhün, əməkdaşlığın dərinləşməsi üçün xüsusi əhəmiyyət kəsb edir: “Bu gün bizim ölkələri və regionu, Avropa qitəsini bizim bərabər icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyil”.
Prezident qeyd edib ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün böyük imkanlar açacaq: “Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaq”.
Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini qeyd edən dövlət başçısı bunun da ölkələr arasındakı əlaqələrə müsbət təsir göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyev Gürcüstanda M. Saakaşvilinin rəhbərliyi ilə islahatlar aparıldığını, siyasi proseslərin müsbət istiqamətdə getdiyini, infrastruktur layihələrinin icrası ilə bağlı uğurlar olduğunu qeyd edib: “Son illər ərzində Gürcüstanda müxtəlif istiqamətlərdə aparılan islahatlar nəinki MDB məkanında, eyni zamanda, digər bölgələrdə də öyrənilir və bu islahatların həyata keçirilməsində Sizin xüsusi əməyiniz, zəhmətiniz olub. Bu islahatlar Sizin təşəbbüsünüzlə irəliyə aparılıb. Əlbəttə ki, bu islahatlar gələcəkdə Gürcüstanın inkişaf etmiş ölkəyə çevrilməsində də öz rolunu oynayacaq”.