İCAO-nun baş katibi: ““Xocalı” aeroportunun istismarı yolverilməzdir”
03 aprel 2013 19:18 (UTC +04:00)

İCAO-nun baş katibi: ““Xocalı” aeroportunun istismarı yolverilməzdir”

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Fuad Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) VI Ümumdünya Avianəqliyyat konfransında iştirak edib.


 

Bu barədə APA-ya ADMAA-dan məlumat verilib. Konfransın gedişində avianəqliyyat sahəsinin inkişafı məsələləri müzakirə edilib, ICAO-nun uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

 

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ICAO-nun Baş katibi Raymon Benjaminlə görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri, eləcə də hava daşımalarının təhlükəsizliyinin artırılması ilə bağlı problemlər müzakirə edilib. R. Benjamin Azərbaycanın işğal olunmuş ərazisində, hərbi qarşıdurma zonasında yerləşən «Xocalı» mülki hava limanının istismarının yolverilməzliyi barədə ICAO-nun mövqeyini ifadə edib.

 

ICAO baş katibi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi bütün qətnamələri dəstəklədiyini bildirib. O həmçinin vurğulanıb ki, Azərbaycan tərəfinin icazəsi olmadan və sertifikatlaşdırma keçirilmədən «Xocalı» hava limanını birtərəfli qaydada istismara vermək cəhdləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə böyük zərbə vurmaqla Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, həmçinin beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması kimi qiymətləndirilir.

 

Tədbir çərçivəsində Avropa Birliyi nümayəndə heyətinin xahişi ilə Avropa Birliyi ilə Azərbaycan arasında «Birgə səma» Sazişi mətninin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Konfransın gedişində həmçinin Avropa Mülki Aviasiya Konfransının müşavirəsi baş tutub. İştirakçılar regionda mülki aviasiyanın inkişaf perspektivlərini, həmçinin 2013-cü ilin 24 sentyabr – 4 oktyabr tarixlərində Monrealda keçiriləcək ICAO Assambleyasının 38-ci Sessiyası zamanı nəzərdə tutulan seçkilərdə Türkiyənin Qara Dəniz-Xəzər rotasiya qrupunun tərkibində iştirakını müzakirə ediblər.

 

Tədbirdə ABŞ, Yəmən, Macarıstan, Ukrayna, Banqladeş və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri ilə mülki aviasiya sahəsində ikitərəfli dövlətlərarası əlaqələrin inkişafı məsələləri ətrafında müzakirələr aparılıb. 

 

 

# 517
avatar

Oxşar yazılar