Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin Qonaq Evində keçirilən tədbirdə Rusiya Federasiya Şurasının sədr müavinləri Aleksandr Torşin, İlyas Umaxanov, MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov, Dövlət Dumasının komitə sədri Leonid Slutski, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları H.Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçək qoyublar. Daha sonra qonaqlara ziyafət verilib.
Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, onun keçdiyi həyat yolundan, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində onun əvəzsiz rolundan söz açıb. O, H.Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələri qeyd edərək, bu gün onun siyasi kursunu prezident İlham Əliyevin davam etdirdiyini söyləyib: "Azərbaycan prezidenti Rusiyadan gələn nümayəndə heyətlərinə xüsusi diqqətlə yanaşır. Mən fəxr edirəm ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir və dövrümüzün ən mürəkkəb məsələlərinin həllində qarşılıqlı anlaşma mövcuddur. Ümid edirəm ki, həmişə də belə olacaq”.
Təntənəli gecədə səfir Polad Bülbüloğlu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Aleksandr Dzasoxovun Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi barədə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamını oxuyub və ordeni ona təqdim edib. A.Dzasoxov yüksək mükafata görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışında Heydər Əliyevlə çoxsaylı görüşləri barədə xatirələrini bölüşüb: “Əgər 1990-cı illərin əvvəllərində Heydər Əliyev Bakıya qayıtmasaydı, Azərbaycan adlı bir dövlət olmayacaqdı”.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə çıxışında Heydər Əliyevin təkcə azərbaycanlıların deyil, həm də keçmiş Sovet İttifaqı respublikalarının bütün xalqlarının qəlbində silinməz iz qoyduğunu söyləyib: "Mən Heydər Əliyevlə dəfələrlə görüşmüşəm. O qəti əmin idi ki, keçmiş Sovet İttifaqının xalqları ənənəvi dostluq münasibətlərini qoruyub saxlamalıdırlar. Heydər Əliyev böyük təcrübəsindən irəli gələrək bilirdi ki, mürəkkəb məsələləri birlikdə həll etmək lazımdır”.
Təntənəli gecədə çıxış edən Rusiya Federasiya Şurası sədrinin birinci müavini Aleksandr Torşin, Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski, Rusiyanın əməkdar rəssamı Nikas Safronov, şahmat üzrə dünya çempionu Anatoli Karpov və digərləri Heydər Əliyev barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.