Bir qrup hərbi yönümlü QHT bəyanatla çıxış edib. Lent.az-ın verdiyi məlumata görə, bəyanatda qeyd edilir ki, Silahlı Qüvvələrin inkişafı və möhkəmləndirilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət yetirdiyi prioritet istiqamətlərdəndir və bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək imkanına malik olan yeganə ölkədir.
Dövlətin diqqət mərkəzində saxladığı ən vacib istiqamətlərdən biri olan Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərimizin sosial müdafiəsi məsələsi də yüksək səviyyədə təmin olunur. Hərbçilərin əməkhaqlarının artırılması, eyni zamanda bu yaxınlarda Silahlı Qüvvələrdə 20 ildən artıq qulluq edən hərbçilərin mənzillə təmin edilməsi və prosesin davam etdirilməsi dövlətin bu istiqamətə böyük önəm verdiyini bir daha təsdiqləmiş olur: “Ali Baş Komandanın rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində ordu quruculuğu işində ölkəmiz böyük irəliləyişlərə nail olub. Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşan Ermənistan və onların havadarları isə Azərbaycan Ordusunun güclənməsini istəmir, bu istiqamətdə tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, ölkəmizin vətəndaşları olan bir qrup şəxslər də düşmən qüvvələrin bizə olan münasibətlərindən geri qalmayaraq daim ölkəmizə qarşı qərəzli mövqedən yanaşır, böhtan xarakteri çıxışlar edir, şəxsi mənafelərini güdərək ordu quruculuğu işlərində yanlış informasiyalar ötürməklə ordumuzu aşağılamağa çalışır. Bununla da ictimaiyyət arasında çaşqınlıq yaradırlar. Ölkəmizin qüdrətlənməsini istəməyən qüvvələrin ən kiçik bir nöqsanı qabardaraq ictimaiyyətə təqdim etməsi düzgün olmayan bir addımdır. Bu kimi hərəkətlərlə onlar düşmən dəyirmanına su tökmüş olur. Bu antimilli ünsürlər bir sıra cinayətlər edərək hərb sahəsindən uzaqlaşdırılmış insanlardır. Azərbaycanın dövlət quruculuğu işində heç bir layihələrə imza atmayan bu insanların məqsədi yalnız ölkəmizi, onun ordusunu gözdən salmaq, əsassız ittihamlarla iğtişaşlar yaratmaqdır. Bu isə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əsgər və zabit heyəti, ümumiyyətlə bütün ictimaiyyət arasında böyük təəssüf hissi doğurur”.
Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyir: “Əminliklə deyə bilərik ki, ölkəmizin müdafiəsi uğrunda xidmət edən zabit və əsgərlərimiz onlara göstərilən diqqət sayəsində işğal altında olan torpaqlarımızı azad etmək iqtidarına malikdir və Azərbaycan xalqı öz dövlətinə güvənməkdə səhv etmədiyini anlayaraq torpaqlarımızın tezliklə düşməndən azad ediləcəyinə inanır. Hərbi yönümlü QHT-lər antimilli ünsürlər tərəfindən dövlətimizin və ordumuzun əleyhinə aparılan qərəzli kampaniyalara qarşı çıxır, onların bu çirkin niyyətlərini pisləyir. Müharibə şəraitində yaşadığımız bir dönəmdə hər bir vətəndaşı ölkəmizin bütövlüyü və güclənməsi naminə Azərbaycan Silahlı Qüvvələrinə dəstək olmağa çağırırıq”.
Bəyanatı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda Olan Zabitlər Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Çernobl Əlilləri İttifaqı, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti və Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti” imzalayıb.