Bu gün Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar Fəxri xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" memorialı önünə əklil qoyublar. Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbul edilmələri məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub. Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 47 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsinə təsadüf edir.
Diqqətə çatdırılıb ki, 2000-ci il aprelin 26-da ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 546 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 52 faizdən çoxunu təşkil edir. Çox müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilib, o cümlədən Baş Prokurorluğun şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar alıb. Baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib. Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr təqdim edilib. Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz verib. Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.
Mərasim iştirakçıları adından prezidenti İlham Əliyevə müraciət qəbul edilib.