Ekspertiza rəy verdi, polisə şikayət olundu
“Artıq ekspertiza rəyi almışıq, ekspertiza rəyində mənim 3 gün, Vüsal Hüseynovun 5 gün əmək qabiliyyətini itirdiyi qeyd olunub”.
Bunu Lent.az-a açıqlamasında Parisdəki Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva söyləyib.
Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.
Mirvari Fətəliyeva bildirib ki, elə bu gün Parisdə polis bölməsinə gedərək şikayət də ediblər: “Bu ekspertiza rəyi əsasında polis cinayət işinin açılıb-açılmaması barədə qərar verəcək”.