Fransa Xarici İşlər Nazirliyi fevralın 26-da Milli Assambleyanın binasında Azərbaycan diasporu nümayəndələrinin ermənilər və parlamentin üzvü Fransua Roşebloun tərəfindən döyülməsi faktına münasibət bildirib.
Nazirlikdə bu gün keçirilən onlayn mətbuat konfransında APA-nın Avropa bürosunun sualını cavablandıran Fransa XİN-in mətbuat katibi Filipp Layo bu hadisəni pislədiklərini deyib: “Biz belə bir hadisənin baş verməsindən təəssüflənirik və fevralın 26-da Milli Assambleyanın binasında baş vermiş bu zorakılıq aktını pisləyirik. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinin yalnız dialoq yolu ilə mümkünlüyünə inanır və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanla Azərbaycan arasındakı bu dialoqun tərəfdarı kimi öz üzərinə götürdüyü vəzifəni bir daha təsdiq edir”.