Almaniyanın paytaxtı Berlində iki il əvvəl qurulan Almaniyadakı Türk-Azərbaycan Birliyinin bir modelinin də Hessen və Ren Pfalz əyalətini əhatə etməklə Frankfurtda qurulmasına dair işlərə başlanılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə qərar Farnkfurtda keçirilən Xocalı soyqırımı qurbanlarının 21-ci ildönümünə həsr olunmuş tədbirdə açıqlanıb.
Qərara alınıb ki, hər iki qanadın təmsilçiləri hazırlıqlardan sonra əməli işlərə keçsin, Türkiyə və Azərbaycan cəmiyyətlərinin marağında olan vacib məsələlərdə Almaniya ictimaiyyətində təbliğat aparılsın və tərəfdarlar qazanmaq üçün işlər görülsün. Bu mövzuda fikirlərini paylaşan Hessen Türk Cəmiyyətinin fəxri sədri Şener Sarqut və Avropa Azərbaycanlıları Konqresinin fəxri sədri Başar Kömür bildiriblər ki, əsas məqsəd “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq Türkiyə və Azərbaycanın beynəlxalq miqyaslı problemlərində rəy formalaşdırmaq, çıxış yolu tapmaq və haqlı olduğu məsələlərdə birgə hərəkət etməkdir. Şener Sarqut və Başar Kömür hər iki əyalətin Türk və Azərbaycanlı yurddaşlarına səslənərək hamını ortaq platformda cəmləşməyə dəvət edib və gücləri birləşdirməyə çağırıb. Hər iki toplumun rəhbəri bildiriblər ki, qondarma “erməni soyqırımı” ilə Türkiyəyə yönələn xarici təzyiqləri və erməni diasporunun türk düşmənçiliyindən bəslənən ssenariləri 2015-ci ili hədəfləyir və buna qarşı ortaq tezislərimizi və tarixi gerçəkləri güclü bir platformda nümayiş etdirməliyik.
Almaniyadakı digər türk cəmiyyətlərinin rəhbərləri də bu birləşməyə dəstək veriblər. Federal Məclisin keçmiş üzvü professor Hakkı Keskin deyib ki, sol düşüncəli insandır, demokratik sosializmə inanıb və buna xidmət edib: “Amma söhbət qondarma “erməni soyqırımı”ndan gedirsə, qeyd-şərtsiz Türkiyənin yanındayam”.