1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş erməni generalı, “Kommandos” və “Dağ tülküsü” ləqəbli Arkadi Ter-Tadevosyan İrəvanda keçirdiyi mətbuat konfransında Qarabağ müharibəsi barədə maraqlı açıqlamalar verib.
APA-nın “Armenia Today” xəbər saytına istinadən verdiyi məlumata görə, Ter-Tadevosyan bildirib ki, o vaxt (Ter-Petrosyanın hakimiyyəti illərində) Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ ermənilərinin mövqeyi üst-üstə düşmürdü və Ermənistan rəhbərliyi demək olar ki, bütün hücum əməliyyatlarının əleyhinə çıxırdı: “Əvvəlcə Qarabağ xalqının müdafiəsinə qalxan Ermənistanın siyasəti hansısa mərhələdə dəyişdi. Qarabağ öz təhlükəsizliyini təmin etməli idi, ən yaxşı müdafiə isə hücumdur. Lakin biz hücum edib əraziləri azad edəndə Ermənistan rəhbərliyi bunun əleyhinə çıxırdı”.
Ter-Tadevosyanın sözlərinə görə, bütün iri əməliyyatlar, o cümlədən Xocalı və Şuşa əməliyyatları Ermənistan rəhbərliyinin iradəsi ziddinə keçirilib. O qeyd edib ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həlli üzərində işləyirdi və bunun nəticəsində Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaqdı.
“Dağ tülküsü” Xocalı əməliyyatının bir neçə dəfə təxirə salındığını, hətta əməliyyat başladıqdan sonra İrəvandan əməliyyatın dayandırılması tələbinin gəldiyini açıqlayıb. Şuşanın ələ keçirilməsindən sonra isə Ter-Petrosyan deyib: “Mən Tehranda məsələnin sülh yolu ilə həllini razılaşdırıram, siz nə edirsiz?! Buna görə kim cavab verəcək?”
Ter-Tadevosyan qeyd edib ki, illər ötdükdən sonra uğurlu əməliyyat buna qarşı çıxanların, hətta Şuşanın ələ keçirilməsini qınayanları ayağına yazılıb. O, Levon Ter-Petrosyanın istefasından sonra Ermənistanın siyasətinin dəyişdiyini vurğulayıb: “Ermənistanın və Qarabağın indiki prezidentləri həmfikirdir, ona görə də hər hansı fikir ayrılığı yoxdur”.
Qeyd edək ki, 1939-cu il təvəllüdlü A. Ter-Tadevosyan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. Dağlıq Qarabağda separatçılığın baş qaldırması, Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı da daxil olmaqla, törədilən kütləvi qətllərdə fəal iştirak edib. 2009-cu ildə separatçı rejimin başçısı Bako Saakyan ona “Arsax qəhrəmanı” adını verib.