“Mən namizəd olmağa tələsmirəm. Hesab edirəm ki, əvvəlcə o demokratik seçki şəraitinin təmin olunması və böyük birlik naminə daha böyük çalışmalar olmalıdır. Hamı öz namizədliyində israr edəndə, həmin o böyük birliyə nail olmaq istiqamətində problemlər yaranır. Eyni zamanda, həmin o böyük birlik yaranmadığı üçün demokratik mühitin formalaşmasında da problemlər yaranır”. Bunu Azadlıq radiosuna müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib.
AXCP sədir hesab edib ki, öz namizədliyinin üstündə bu gün israrla dayanıb, gündəmi buna cəlb etmək yanlışdır: “Demokratik seçki mühiti yaransın, o zaman situasiyaya görə baxacağıq. Ölkədəki böyük, əhəmiyyətli ictimai-siyasi qüvvələr məqsədəuyğun hesab etsələr ki, mən namizəd olum, Azərbaycan demokratiyası, xilası üçün bu, daha doğru yoldur, o zaman mən namizəd olacağam. Yox, yenə də o böyük birlikdə belə qənaət formalaşsa ki, mən yenə də güzəştə getməliyəm, mən bununla razılaşacağam...».
Ə. Kərimli deyib ki, İctimai Palata, Ziyalılar Forumu, REAL hərəkatı, İctimai Palatadan kənarda olan 4-5 böyük partiya, gənc fəallar, ictimai fəalların hamısı bir araya gəlib, vahid müstəvidə birləşməlidirlər: “ Demokratik seçki mühitinə nail olmaq üçün ümumi plan qəbul olunmalıdır. Orada ümumi bir kollektivə çevriləndən sonra bütövlükdə Azərbaycan demokratiyası ilə bağlı çalışıb birlikdə qərar verməliyik...”.